Bakı-2015 Alovu Goranboy və Naftalana da çatdı

Bakı-2015-in Alov Səyahəti iştirakçıları bu gün, mayın 14-də iki dağətəyi rayonda hərarətlə qarşılandılar. Allsport.az xəbər verir ki, günün birinci yarısında Goranboyda, axşam saatlarında isə Naftalan şəhərində məşəl estafeti keçirildi.

Bakı şəhərindən 322 km məsafədə Azərbaycanın qərb bölgəsində kiçik Qafqazın şimal-şərq ətəklərində yerləşən Goranboy rayonunun əhalisinin sayı 112 min nəfər, ərazisi isə 1700 km2-dir. Goranboy idmançıları son illərdə bir çox nailiyyətlər qazanıblar. Bunlardan, gənclər arasında Avropa çempionu, 2 yeni rekordla tələbələrin 27-ci Universiadasının (Kazan, Rusiya) ağırlıqqaldırma yarışlarının qalibi olan Firudin Quliyevi və yunan-Roma güləşçisi, gənclər arasında dünya və Avropa çempionatının qalibi, Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalını qazanmış Elman Muxtarovu xüsusi qeyd etmək olar.

Heydər Əliyev prospektində məktəblilərin xüsusi avazla dilə gətirdikləri “Yaşa, yaşa, Azərbaycan” şüarlarının sədaları altında başlayan məşəl estafeti 4,03 km məsafəni əhatə etdi. Yürüşə başlayan fəal gənclərdən Xəyal Hüseynov, ardınca Elşad Ətai, Elvin Əliyev, Samir Nəcəfov, Nicat Məmmədov, Xalid Rzayev, Vüsal Rəsulov, Əflatun Məmmədov və Allahverdi İsmayılov estafeti qəbul etdilər.

Qarşılanma mərasimi üçün bəzədilmiş parkda başda sonuncu məşəlçi Əməkdar məşqçi, karate üzrə üçqat dünya və iki dəfə Avropa çempionu Yalçıın Qarayev olmaqla, qrup Heydər Əliyev parkına daxil olaraq, burada quraşdırılmış səhnənin ətrafına gəldi. Məşəlçilər yerli sakinləri salamladıqdan sonra, sonuncu məşəlçi səhnəyə qalxdı və alov çırağını yandırdı.

Məşəl yürüşündə iştirak etmiş dünya çempionu Yalçın Qarayev təəssüratlarını belə ifadə etdi: “Məşəl estafetinin Goranboya gəlişinə şadıq. Birinci Avropa Oyunlarının məşəlini daşımaq mənim üçün ömürlük xatirə olacaq. Əminəm ki, idmançılarımız ölkəmizi layiqincə təmsil edəcəklər. Bir karate mütəxəssisisi kimi, idmançılarımıza yaxından azarkeşlik edəcəyəm. Milli komandanın lideri Rafael Ağayevin qızıl medal qazanacağına heç bir şübhəm yoxdur”.

Atəşgah məbədində ilk məşəlin alovlandırılması barədə videoçarxın ardınca məşəlçilər tribuna ətrafına gəldilər. Yandırılmış çırağı rayon ictimaiyyətinə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu Elnur Həsənov təhvil verdi. Səmaya sülhün rəmzi olan göyərçinlər, dostluğu rəmz etdirən şarlar buraxıldı.

Daha sonra elə burada, Heydər Əliyev Mərkəzinin qarşısında xatirə fotoşəkilləri çəkdirildi. Mərkəzlə tanışlıq oldu. Bakı 2015-in daha bir çırağı burada qorunacaq və Oyunların bağlanış mərasiminədək söndürülməyəcək. Mərasim başa çatdıqdan sonra, məşəl karvanı Naftalan şəhərinə üz tutdu.

Naftalan 1935-ci ildən rəsmən kurort kimi qeydə alınıb. 1957-ci ildən isə il boyu fəaliyyət göstərir. Ümumiyyətlə, Naftalan 1967-ci ilə kimi Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə olub. 1967-ci ildə ona əhəmiyyəti nəzərə alınaraq, Respublika tabeli şəhər statusu verilib. Cəmi iki kəndi olan və əhalisinin ümumi sayı 9737 nəfərə çatan (01.01.2015) Naftlan Bakıdan 330 kilometr aralıda, hündür dağların və təpələrin kəsişdiyi Kiçik Qafqazın dağətəyi bölgəsində dəniz səviyyəsindən 225 m yüksəklikdə yerləşir.

Naftalanda məşəl estafeti 4,25 km məsafəni əhatə etməklə, Şirvan küçəsində – Bayraq meydanında quraşdırılmış tağdan keçməklə başlandı. Birinci məsafəni ictimai fəal gənclərin təmsilçisi kimi Tural Məmmədov qət etdi. Onun ardınca, növbə ilə bu mərasimdə Rahim Muradov, Zaur Məmmədov, Xəyal Abdullayev, Nazim Abdullayev, Vasif Mustafayev, Elman Şərəfxanov, Elman Kamalov, Samir Qocayev və Bakı 2015-in rəsmi tərəfdaşı “Coca Cola”nın nümayəndəsi Lətif Bayramov iştirak etdilər.

Yol üzərində yerləşən “Çinar” mehmanxanasının qarşısında dəvə karvanı abidəsi önündə xatirə şəkilləri çəkdirildi. Mərasim S.Qurbanov küçəsi ilə davam edərək, qarşılanma üçün bəzədilmiş parkda quraşdırılmış səhnədə başa çatdırıldı. Sonuncu məşəlçi cüdo üzrə ölkə çempionatının bürünc medalçısı Fuad Əliyev qrupun digər üzvlərinin müşayiəti ilə səhnənin ətrafına gəldi və burada yerli ictimaiyyəti salamladı. Sonra o, səhnəyə dəvət olundu və alov çırağını yandırdı. Atəşgah məbədində ilk məşəlin alovlandırılması barədə videoçarx təqdim edildikdən sonra yandırılmış çırağı rayon sakinlərinə 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Lalə Nəbizadə nümayiş etdirdi. Çıraq Avropa Oyunlarının sonuna qədər söndürülməyəcək və onu Heydər Əliyev Mərkəzində saxlayacaqlar.

Məşəl estafetini yekunlaşdıran idman ustası Fuad Əliyev ürək sözlərini dilə gətirdi: “Məşəl estafetində iştirak etdiyimə görə çox sevinirəm. Bakı 2015 böyük idman tədbiri, əlamətdar hadisədir. Bunu biz idmançılar daha yaxşı anlayırıq. Birinci Avropa Oyunları tək idman tədbiri olmayacaq, elə bu məşəl estafetindən də gördüyümüz kimi, ölkəmizin gözəlliyini bütün dünyaya göstərəcək. Dövlətimiz bizə – gənclərə, idmançılara hər bir şərait yaradıb. Belə heyrətamiz məmləkətdə yaşamaqla yalnız qürur duymaq olar. Bu böyük bayram münasibətilə hər bir azərbaycanlını təbrik edir və Avropanın ilk Oyunlarına ev sahibliyi etdiyimiz üçün fəxr edirəm”.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Məşəl estafeti mayın 15-də Göygöldə olacaq və sonra qədim Gəncədə Alov festivalı ilə günə yekun vurulacaq.

Həmin kateqoriyadan