Bakı-2015-də bütün məkanlarda təcili tibbi yardım briqadaları növbətçilik çəkəcək

Bakı-2015 zamanı yarışların keçiriləcəyi bütün məkanlarda, o cümlədən hotellərdə, Olimpiya şəhərciyində və kütləvi tədbirlərin təşkil olunacağı yerlərdə təcili tibbi yardım briqadaları növbətçilik çəkəcək. Allsport.az xəbər verir ki, bundan əlavə, beynəlxalq standartlara uyğun avadanlıq və ləvazimatla təchiz olunmuş yeni “Mersedes” markalı təcili tibbi yardım avtomobillərinin istismara verilməsi nəzərdə tutulub.

Bu barədə AzərTAc-a Səhiyyə Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Avropa Oyunları Təşkilat Komitəsinin tələblərinə əsasən, tibbi yardım xidmətlərinə cəlb olunmuş heyət xüsusi təlimlərdən keçməli, dünyanın qabaqcıl ölkələrində qəbul olunmuş və beynəlxalq standartlara uyğun bilik və vərdişlərə malik olmalıdır. Bu məqsədlə Səhiyyə Nazirliyinin köməkliyi ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında Amerika Ürək Assosiasiyasının nümayəndəliyi vasitəsilə xüsusi təlimçilər hazırlanıb və təlim kursu yaradılıb.

Təlim və məşqlərə 400-ə yaxın təcili tibbi yardım işçisi cəlb olunub. Tibbi biliklərin təkmilləşdirilməsi ilə yanaşı, təcili tibbi yardım xidmətlərinə cəlb olunmuş həkimlər üçün ingilis dili kursları da təşkil edilib.

Həmin kateqoriyadan