Bakı-2015 hərarəti Böyük Qafqazın cənub yamaclarına çatdı

Bakı 2015-in alovu mayın 23-dən Azərbaycanın Şimal-qərbinə – Böyük Qafqazın cənub yamaclarına səyahətinə başladı. Onun bu məkanda ilk tanışlığı, əvvəlcə, Alazan-Həftəran vadisində Balakən və sonra isə Alazan-Əyriçay vadisində Zaqatala ilə oldu. Allsport.az xəbər verir ki, sahəsi 934 km2 olan və onun da böyük hissəsini meşələr və dövlət qoruğu təşkil edən rayonun hündür dağlarının zirvələri avqust ayına qədər qarlı olur və bu, dağ turizmi və idmanı, həm də alpinizmin inkişafına şərait yaradır. Amma təkcə bu idman növləri deyil, son illər Balakəndə digər növlər, xüsusən də pəhləvanlıq məktəbi intibah dövrünü yaşayır. Ağırlıqatma üzrə üzrə dünya çempionu və Pekin Paralimpiya Oyunlarının qalibi Oloxan Musayevlə yanaşı, yunan-Roma güləşi pəhləvanları – yeniyetmələrin I Olimpiya Oyunlarının çempionu Murad Bazarov, gənclər arasında Avropa çempionu, dünya üçüncüsü, tələbələrin dünya çempionu Rəsul Çunayev, yeniyetmələrin Avropa çempionatının bürünc medalçıları Hacımurad Çöpsiyevlə Hacımurad Bağmanov, sərbəst güləş üzrə yeniyetmələrin Avropa çempionu İqbal Hacızadə ümid verən idmançılardır. Bakı 2015-in məşəl estafeti də onlardan ikisinin iştirakı ilə keçdi.

Ümumi uzunluğu 2,73 km olan estafet, Heydər Əliyev prospektində yunan-Roma güləşi üzrə Azərbaycan çempionu Xoçbar Xalayevin yürüşü ilə başlandı. Daha sonra Səttar Gözəlov küçəsindən keçən yürüşdə Hacımurad Bağmanov, Gülxar Musayeva Vüqar Şindiyev, Turan Əfəndiyev, Əzizət Şoranova, Eşqin Uzunov, Mirzə Həşimov və Əbdülqadir Umarov iştirak etdilər. Sonuncu məşəlçi Hacımurad Çöpsiyev quraşdırılmış səhnə önünə digər həmkarlarının önündə və sürəkli alqışlar altında gəldi. Aparıcının dəvəti ilə o, səhnədə qoyulmuş çırağı alovlandırdı.

Məşəl estafetinin iştirakçısı, gənc güləşçi Hacımurad Çöpsiyev ürək sözlərini belə ifadə etdi: “Birinci dəfə keçiriləcək Avropa Oyunlarına ölkəmizin ev sahibliyi etməsi münasibətilə bütün xalqımızı təbrik edirəm, idmançılarımıza uğurlar arzulayıram. Beynəlxalq arenalara çıxan bir güləşçi kimi, hər birinizi əmin edirəm ki, bu gün bütün güləş komandalarımız dünyada ən güçlülərdəndir. Pəhləvanlarımıza güvənib, onlara arxalanmağa dəyər. Hazırlıqlarından xəbərim olduğu üçün, Bakı 2015-də idmançılarımızın uğur qazanacaqlarına qəti əminəm”.

Bakı 2015-in Balakənə hədiyyəsini – çırağı rayon ictimaiyyətinin nümayəndəsinə 10-cu sinif şagirdi Albina Maqatova təhvil verdi. Təntənəli mərasim səmaya göyərçinlərin buraxılması ilə başa çatdı. Məşəl karvanının bu mərasimdən sonra rayona səfəri başa çatmadı və təbiət səfasının seyri ilə davam etdi. Turizmin inkişafı üçün əlverişli şəraiti olan Balakəndə 2008-ci ilin aprelində istifadəyə verilmiş kanat yolu şəhər parkından Heydər Əliyevin xatirə abidəsinə qədər 1200 metr yol boyunca uzanır. Rayonun ecazkar təbitəinə qartalların qanad süzdüyü yüksəlikdən açılan mənzərə boyunca foto və video xronika hazırlandı.

Sonra karvan dəniz səviyyəsindən 535 metr hündürlükdə yerləşən Zaqatalaya yollandı. Bakı şəhərindən 430 km məsafədə yerləşən, sahəsi 1348 km2, əhalisi 125 min nəfər olan rayon ərazisinin yarısını əhatələyən meşələri, tütünçülüyü və gülçülüyü ilə ad çıxarsa da, rayonda turizmin, dərman bitkiləri tədarükü və emalı sənayesinin inkişaf etdirilməsi üçün kifayət qədər potensial var.

2,65 km-lik məşəl estafeti Heydər Əliyev prospektində, Bayraq meydanında budo döyüşü növləri üzrə dünya çempionu Təbriz Balaxanovun yürüşü ilə başladı, 28 May, Üzeyir Hacıbəyov, Sülh küçələrindən keçdi. Qaçışda Elvira Buttayeva, Xədicə Xəlilova, Əsədulla Musayev, Qəzənfər Yahudov, Arif Ramazanov, Könül Əliyeva, Mahac Buştiyev, İlham Qırtımov və Nurəddin Qasarayev iştirak etdilər.

Estafet zamanı Dədə Qorqud parkında “Qala düzü” pilləkənlərinin önündə məşəl ayaq saxladı. Burada əbədi xatirəyə çevriləcək şəkillər çəkdirildi. Çəkilişdən sonra yoluna davam edən məşəl yürüşü Qala meydanında başa çatdı. Sonuncu məşəlçi, cüdo üzrə respublika çempionatının gümüş medalçısı Ariz Məmmədov 10 həmkarının müşayiəti ilə burada quraşdırılmış səhnənin önünə gəldi. Tədbirə toplaşan izdihamlı kütlənin gur alqışları altında səhnəyə qalxaraq Oyunların sonuna qədər söndürülməyəcək daha bir Bakı 2015 çırağını alovlandırdı.

Məşəl yürüşündə iştirak etmiş cüdo üzrə mütəxəssis Arif Ramazanov dedi: “Məşəlin səfəri mənim kimi bir çoxlarının da xəyalını həqiqətə çevirdi. Bu şərəfin mənə də nəsib olmasına görə qürurluyam. Uzun illər idmanda olan biri kimi, idmanımızın da sürətlə inkişaf etdiyini fəxrlə deyirəm. Çünki məhz bu inkişaf və nailiyyətlərə görə, bir vaxtlar televizya ekranları qarşısında izlədiyimiz və yalnız xəyallarımızda ola biləcək möhtəşəm idman bayramları bir-birinin ardınca ölkəmizə ayaq açır. Hələ bu Avropa Oyunları tarixdə ilk dəfə keçirilən bir hadisədir. İnşallah, bu tədbir də bizim nə qədər qüdrətli və mənəvi güclü olmağımızı bir daha göstərəcək. Avropa Oyunlarının ölkəmizdə təşkili, onun hər bölgəmizdə coşğu ilə qarşılanması olimpizmin meyarlarından olan sülhsevərliyimizin göstəricisidir”.

Atəşgah məbədində ilk məşəlin alovlandırılması, Bakı 2015-ə həsr olunmuş videoçarxlar nümayiş etdirildi. Aparıcı məşəlçiləri səhnəyə dəvət etdi və çırağın şəhərə təqdim olunması mərasimi keçirildi. Onu 11-ci sinif şagirdi Elşən Ramazanov şəhər ictimaiyyətinin nümayəndəsinə təhvil verdi. Səmaya göyərçinlər buraxıldı, atəşfəşanlıq Zaqatala səmasını rənglərə boyadı.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Məşəl karvanı mayın 24-də Qaxda olacaq.

Həmin kateqoriyadan