Bakı-2015 ilə bağlı ilk kommunikasiya seminarını

Bakı-2015, bu gün Avropa Milli Olimpiya Komitələri, kommunikasiya menecerləri və beynəlxalq media nümayəndələri üçün 1-ci seminar təşkil edib. Allsport.az saytı xəbər verir ki, iki günlük proqramda Avropadan 62 nümayəndə Bakı 2015-in idman obyektlərini ziyarət edəcək və Avropa Oyunları üçün nəzərdə tutulmuş ən son yeniliklərlə bağlı seminarlarda iştirak edəcəklər.

Bakı 2015-in bir neçə şöbəsi, idman, nəqliyyat, mətbuat əməliyyatları, yayım və kommunikasiyanın yüksək vəzifəli nümayəndələri daxil olmaqla iştirakçılar üçün təqdimatlar keçirəcək.

1-ci Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bununla bağlı belə deyib: “Biz ilk Avropa Oyunları ilə əlaqədə olan Avropanın Milli Olimpiya Komitələrinin kommunikasiya komandaları və onların media nümayəndələri ilə yeni münasibətlərin əsasının qoyulmasını səbirsizliklə gözləyirik. Seminara qatılan insanların dəstəyi və əməkdaşlığı bizim üçün bütün qitəni növbəti yay Oyunları necə təşkil etməyimiz və Azərbaycanda gedən işlər barədə məlumatlandırmaq baxımından çox mühümdür”.

Ümumilikdə, bütün qitədən 1000-dən çox jurnalistlə bərabər, hər ölkədən kommunikasiya rəsmilərinin gələn il Bakı 2015 Avropa Oyunlarına qatılacağı gözlənilir.

Britaniya Olimpiya Assosiasiyasının Kommunikasiya üzrə direktoru cənab Adrian Basset söyləyib: “Bu həftəsonu Avropa Oyunları haqqında daha çox öyrənmək və Bakı 2015-in Oyunlar zamanı necə fəaliyyət göstərəcəyini bilmək üçün olduqca əvəzolunmaz şansdır. Bir çox millətlər Azərbaycanda ilk dəfə olaraq yarışacaqlar. Buna görə də gələn il idmançılarımızı necə mükəmməl bir tədbirin gözləyəcəyini bilmək üçün bu ölkəni ziyarət etmək çox vacibdir”.

Gələn il 17 müsabiqə günü ərzində xəbər saytları, qəzetlər, radio və televiziya kanalları 6000 idmançının iştirak etdiyi oyunları işıqlandıracaqlar.

Bakı 2015-in Kommunikasiya şöbəsinin direktoru cənab Uilyam Lui-Mari deyib: “İlk dəfə olaraq keçirilən Avropa Oyunlarında Milli Olimpiya Komitələrinin yaxından iştirakına nail olmaq bizim üçün çox vacibdir və biz İlk Avropa Oyunlarının əks-səda doğurması üçün onlarla sıx əməkdaşlıq edirik. Seminar, bizim Avropa daxilində Milli Olimpiya Komitələri, idmançılar, media və azarkeşlərlərlə səmərəli ünsiyyət qurduğumuza əmin olmaq baxımından mühüm şansdır”.

Həmin kateqoriyadan