“Bakı-2015” ilin ən önəmli idman tədbiridir”

Belqradda “Bakı-2015” ilk Avropa Oyunlarına 100 gün qalması münasibətilə tədbir keçirilib. Allsport.az “Azərtac”a istinadən xəbər verir ki, şəhərin mərkəzi meydanlarından biri olan “Teraziye”də quraşdırılmış “Bakı-2015” ilk Avropa Oyunlarının başlayacağı vaxtı göstərən gerisayım saatının önündə keçirilmiş tədbirdə bu ölkədən olan idmançılar, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Serbiyanı ilk Avropa Oyunlarında təmsil edəcək nümayəndə heyətinin rəhbəri Damir Ştayner qitənin bu formatda yarışlarının keçirilməsinin vacibliyini vurğulayaraq deyib: “Nəzərə alsaq ki, bu cür yarışlar ilk dəfədir keçirilir, bu zaman bizim idmançılarımızın Avropa idman tarixinə düşmək şansının böyük olduğunu əminliklə demək olar. “Bakı-2015” ilin ən önəmli idman tədbiridir. İlk Avropa Oyunlarının 2016-cı ildə Rio-de-Janeyro keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaratması Serbiyanı təmsil edən idmançıların məsuliyyətini daha da artırır. Əminəm ki, yarışlarda güclü Serbiya komandası görəcəyik”.

Serb Olimpiya çempionu Militsa Mandiç Bakıda keçiriləcək yarışlardan gözləntiləri haqqında danışıb: “Serbiyanın yarışlarda təxminən 100-dən artıq idmançı ilə təmsil olunacağı gözlənilir. Ölkəmizi təmsil etmək bizim üçün böyük şərəfdir və ümid edirəm ki, vətənə medallarla qayıdacağıq”.

Tədbirə qatılan “İvo Andric” ibtidai məktəbinin şagirdləri ilk Avropa Oyunlarına 100 gün qalmasını rəmzi şəkildə nümayiş etdirmək üçün meydanda 100 rəqəmi formasında düzülüblər. Bu yolla onlar Olimpiya hərəkatının önəmini və bəşəri dəyər olmasını göstərməyə çalışıblar.

Həmin kateqoriyadan