- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Bakı 2015-in alovu Birinci Avropa Oyunlarının açılış mərasiminə bir gün qalmış, iyunun 11-də sonuncu dəfə Qız qalasından yola çıxdı. Allsport.az xəbər verir ki, səyahətin bu günü Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin iştirakı ilə məşəlin Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin yerləşdiyi baş qərargahın önünə gətirilməsi ilə başlandı. Birinci Avropa Oyunları ilə əlaqədar bütün nəqliyyat, qeydiyyat, informasiya, təhlükəsizlik və digər əməliyyatlar bu mərkəzdən idarə olunur.
Bakı 2015-in alovu şəhərdən yola salınacağı Sadko limanına gətirilməzdən əvvəl, məşəlçilər – bəstəkar, “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinov, “Bakılı oğlanlar” komandası ilə “Şən və Hazırcavablar Klubu”nun çempionu olmuş Murad Dadaşov və futbol veteranı Çingiz İsmayılovun bələdçiliyi ilə Xalça muzeyi, Bakı Biznes Mərkəzi və “Park bulvar” qarşısından keçərək, İçərişəhərdən bulvara qədər olan yolu qət etdi.
Bu mərkəzlərdən keçən alov sabah axşam açılış mərasimində – Avropa Oyunları davam etdiyi müddətdə yanacaq Bakı 2015 kasasını alovlandırmaq üçün sonuncu səfərinə çıxacaq.
Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov sonuncu məşəl festivalı ilə bağlı fikirlərini bölüşüb: “Məqsədimiz alov səyahəti vasitəsilə Azərbaycanın hər bir bölgəsində insanları ruhlandırmaq və Oyunlara cəlb etmək idi. Həmçinin, böyük mədəniyyətə, ənənələrə, tarixi irsə malik ölkəmizin təbii gözəlliyini, xalqımızın coşğusunu və dünyəvi dəyərlərə malik mənəvi sərvətini dünyaya təqdim edə bildik. Xalqdan aldığımız hərarət, gördüyümüz diqqət və mehribanlıq gözlədiyimizdən də artıq oldu – bütün Azərbaycan Birinci Avropa Oyunlarını layiqincə keçirmək üçün birlik və vəhdət nümayiş etdirir. Belə bir qürurverici şəraitdə sabahkı gecəni – möhtəşəm açılış mərasimini və ardınca start götürəcək mötəbər idman yarışlarını səbirsizliklə gözləyirəm”.