Bakı-2015 Məşəlinin Kür çayının mənsəbinə səyahəti

Cəlilabaddakı möhtəşəm Alov Festivalının ertəsi gün, mayın 4-də məşəl cənub zonasının daha iki aran şəhərinə səfərə çıxıb. Allsport.az xəbər verir ki, günün birinci yarısında Kür-Araz ovalığında Muğan və Cənub-Şərqi Şirvan düzlərində yerləşən Salyanda estafet yürüşü keçirilib.

Salyan səfəri tanışlıqla başlandı. Qafqazda ilk metroloji stansiyanın (1864-ci il) qurulduğu yer olan bu diyar ölkənin “Cənub qapısı” kimi də tanınıb və buna görə diqqət mərkəzində olub. Müstəqillik illərində siması büsbütün dəyişmiş müasir Salyanda əhalinin həvəslə istirahət etdiyi məkanlardan olan Bayraq meydanında ictimaiyyətlə səmimi ünsiyyət quruldu, fotoşəkillər çəkdirildi.

Azərbaycan bayrağının ideya müəllifi Əli bəy Hüseynzadənin, dünya şöhrətli bəstəkar, SSRİ xalq artisti Arif Məlikovun, Qafqazın ilk şeyxülislamı Axund Məhəmmədəli Hüseynzadənin, şair-dramaturq Əliağa Kürçaylının, aktyorlar Əli Zeynalov və Həsən Məmmədov, kamança üzrə Azərbaycanın ilk əməkdar artisti Hafiz Mirzəliyevin vətəni olan Salyan istər bədən tərbiyəsi və idmanda, istərsə də mədəniyyət və incəsənətdə ailə, el kollektivləri ilə məşhurdur. Cavadlılar ailəsi onlardan biri kimi, Salyanda bir ənənəyə çevrilmiş el pəhləvanlığı məktəbini inamla yaşadırlar. Ailə üzvlərindən hətta zorxana və pəhləvani güləş üzrə Avropa çempionu, dünya kubokunun sahibi olanları da var. Son illər Salyanda, əsasən, Şərq döyüş növləri məşhurdur. 10-a yaxın idmançı bu sahədə dünya və Avropa çempionatlarında fərqlənərək fəxri kürsüdə yer alıblar.

Yeniləşən Salyanın idmanı da sürətlə inkişaf edir. 2008-ci ildə istifadəyə verilmiş Olimpiya İdman Kompleksində ölkə əhəmiyyətli mötəbər yarışlar təşkil edilir. İdmançı nəslinin yetişdirilməsi 10-a yaxın idman klubu ilə yanaşı, uşaq-gənclər idman və şahmat məktəblərində də uğurla həyata keçirilir.

Şəhərin mərkəzi küçələri boyunca 3 km məsafədə təşkil edilən yürüşdə namizədlər arasından seçilmiş kikboksinq məşqçisi Rahil İsgəndərov birinci estafetçi oldu. Sonra futbol məşqçiləri Anar Sadıqov və Heydər Ağayev, yeniyetmə cüdoçular arasında Azərbaycan cempionu Aidə Baxışova, təlimatçı pedaqoq Murad Hüseynov, Bakı 2015-in rəsmi partnyorlarından olan P&G-in nümayəndəsi Rafət Əsədov, bədən tərbiyəsi və idman müəllimləri Vasif Əliyev və Məhərrəm Abuşov, tibb mütəxəssisləri Fikrət Məlikovla İlqar Ağabəyov estafeti qəbul etdilər. Gənc boksçular üzrə ikiqat Azərbaycan, Avropa çempionu Cavid Quliyev son yürüş məsafəsini qət edərək, Heydər Əliyev meydanında qurulmuş səhnəyə çıxaraq, Oyunların sonuna qədər Salyanda qalacaq çırağı yandırdı. “Ağıl dəryası” müsabiqəsinin məktəbli qalibi Zərxanım Ağabəyli çırağı rayon ictimaiyyətinə təqdim etdi.

Heydər Əliyev parkında təntənəli qarşılanma mərasimi keçirildi. Məşəl parkın seyrinə çıxdı. Rayon sakinləri estafet iştirakçıları ilə yaxından ünsiyyət qurub, Bakı 2015-in rəmzləri ilə xatirə şəkilləri çəkdirdilər.

Estafet iştirakçısı, həkim-travmatoloq İlqar Ağabəyov ürək sözlərini bölüşdü: “Bu gün sevincimizin həddı-hüdudu yoxdur: böyük idman bayramı Salyana yetişdi. Məncə, belə tədbirlərin tərbiyəvi əhəmiyyəti danılmazdır. Çünki bölgələrdə gənclərin idmana, bədən tərbiyəsinə cəlb olunmasına təkan verir. Ümumiyyətlə, ölkəmizdə idmanın ictimai statusu, idmançının cəmiyyətdə yeri çox yüksəkdir. Bir tibb işçisi kimi, gənc nəslin “sağlam bədəndə sağlam ruh” prinsipi ilə yetişdirilməsini alqışlayıram. Bu böyük festivalın iştirakçısı olduğum üçün çox sevincliyəm. Axı, belə hadisələr 100 ildə bir dəfə ola, ya olmaya. Özü də Avropa üçün böyük bir başlanğıcın iştirakçısı olmaq, tarixdə müəyyən rol oynamağa bərabərdir. Buna görə mənə etimad göstərənlərə, xüsusən də bu böyük tarixi hadisəyə Azərbaycanın imzasını atanlara təşəkkürümü bildirirəm”.

Mərasim çatdıqdan sonra, məşəl qonşu Neftçalaya ötürüldü. Azərbaycanın ən böyük çayı Kürün Xəzər dənizinə töküldüyü ərazidə yerləşən rayona axşama doğru, yetişən məşəl sevinclə qarşılandı.

Cənub-şərqi Şirvan və Salyan düzü, qismən Muğan düzündə, dəniz səviyyəsindən 22 m aşağıda yerləşən, adının mənası “Neftli çala” olan Neftçalada, səsinin ahənginə görə sevilən müğənni Anatollu Qəniyev və Xalq şairi Xəlil Rza Ulutürk kimi insanlar dünyaya göz açıblar. Uşaq-gənclər idmanının sistemli inkişaf etdirildiyi 20 il ərzində rayondan boks, güləş, ağırlıqqaldırma kimi aparıcı idman növlərində ölkədaxili və beynəlxalq yarışların qalib və mükafatçıları yetişib.

Şəhər mərkəzində təşkil olunmuş yürüşü Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı fiziki sağlamlığını itirmiş mədəniyyət işçisi Ceyhun Mehdiyev başladı. Mirzə Ələkbər Sabir küçəsi və Heydər Əliyev prospekti boyunca qət edilən 4 km-ə yaxın yol boyunca bədən tərbiyəsi müəllimi Ülkər İbrahimova, məktəbli Səyyarə Səmədzadə, mədəniyyət işçisi Kamran Əsədov, boks üzrə gənclər arasında ölkə çempionatının qalibi Elmar Abbasov və finalçısı Həsənağa Həsənov, boks məşqçisi Xəyal Mustafayev, «Neftçala» FK-nın məşqçiləri Mehman İbrahimov, Fəxrəddin Mürvətov məşəli növbə ilə daşıdılar.

Bu mərasimdə Bakı 2015-in ulduz elçiləri, sevilən aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimovun da iştirak etməsi mərasimi izləməyə toplaşmış çoxsaylı Neftçala sakinlərinin xüsusi coşğusuna səbəb oldu. Son məşəlçi, futbol məşqçisi Dilavər Yaqubov Bayraq meydanına gətirərək, səhnəyə qalxdı. Burada yandırılmış və coğrafya fənni üzrə respublika olimpiadasının qızıl medalçısı İlham Səmədovun ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər şəhərə hədiyyə edildi..

Bayraq meydanında keçirilən təntənəli qarşılanma mərasimi zamanı rayon sakinləri qonaqlarla, xüsusən də Bakı 2015-in ulduz elçiləri Coşqun Rəhimov və Rafael İsgəndərovla səmimi söhbət edərək, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən məmnunluqlarını ifadə etdilər və idmançılarımıza uğurlar arzuladılar.

Məşəl yürüşündə iştirak etmiş veteran futbolçu, hazırda Neftçalanın eyniadlı klubunda məşqçi kimi çalışan Mehman İbrahimov estafetlə bağlı təəssüratlarını bölüşdü: “Birinci Avropa Oyunlarının ən mühüm mərasimlərindən birinin iştirakçısı olduğum üçün sevincim hədsizdir. Bu etimada görə təşəkkür edirəm. Tarixdə yerini alacaq Oyunların idmanımızda xüsusi yeri olacaq və həmişə xatırlanacaq. Bu anların, bir xoş xatirə kimi, mənim də həyatımda xüsusi izi qalacaq. Məşəl estafetinin layiqincə, gurultu ilə qarşıladıqları üçün bütün həmyerlilərimə minnətdaram və onaları bu bayram münasibətilə təbrik edirəm. Avropa Oyunlarında isə idmançılarımızın hər birinə uğurlar arzulayır və onlardan qələbələr, ən əsası, layiqli çıxış gözləyirəm”.

Daha sonra, məşəl Azərbaycanın balıqçılıq və kürü sənayesinin aparıcı müəssisəsi olan məşhur nərə təsərrüfatına aparıldı. Kür çayı sahilində salınmış yeni Bayraq meydanında ecazkar axşam mənzərələri seyr edildi, yelkən səyahətinə çıxıldı.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Xəzər dənizində palçıq vulkanları nəticəsində formalaşmış Kür daşı adası ilə də diqqət Neftçalada başa çatan estafet günü mayın 5-də Şirvan və Hacıqabulla davam etdiriləcək. Alovun səyahəti barədə az.baku2015.com/Flame veb səhifəsindən ətraflı məlumat almaq olar.

Həmin kateqoriyadan