Bakı-2017-də komanda idman növlərində püşk atılıb

4-cü İslam həmrəyliyi oyunlarının komanda idman növlərində püşkatma olub. Allsport.az saytı xəbər verir ki, Bakı-2017-də futbol, voleybol, basketbol 3×3, həndbol və su polosu üzrə yarışlar keçiriləcək. İştirakçı ölkələrin sayından asılı olaraq, hər idman növündə fərqli formatlarda mübarizə aparılacaq. Basketbol 3×3, voleybol, su polosu və qadınlar arasında həndbol üzrə qrupların tərkibi artıq beynəlxalq idman federasiyalarının reytinqlərinə əsasən müəyyən olunub. Buna görə də püşkatma mərasimi futbol və kişilər arasında həndbol yarışları üzrə keçirilib.

Püşkatmada çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, 36 gündən sonra Azərbaycan dörd qitəni təmsil edən 50-dən çox ölkədən idmançıların mübarizə aparacağı İslam oyunlarına ev sahibliyi edəcək. Bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması Azərbaycanın ölkəmizdə əsrlər boyu mövcud olan mədəniyyətlər və dinlər arası dialoqun inkişafına diqqət və qayğısını nümayiş etdirir. Azərbaycan İslamiada vasitəsilə yüksək qonaqpərvərliyini, qədim ənənələrə sadiqliyini, zəngin mədəniyyətini dünyaya nümayiş etdirəcək. Bu oyunlar idman vasitəsilə İslam ölkələri arasında qarşılıqlı əməkdaşlığın və həmrəyliyin inkişafına töhfə verəcək. Tədbirin təşkilində könüllülərin rolunu xüsusi vurğulayan nazir onların bilik və bacarıqlarının, təcrübələrinin artırılması istiqamətində əməliyyat komitəsi tərəfindən bir sıra proqram və layihələrin həyata keçirildiyini bildirib.Sonra püşkatma mərasiminə start verilib.

Futbolda ev sahibi Azərbaycan ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair milliləri çıxış edəcəklər. Ölkəmiz ev sahibi olduğu üçün birbaşa “A” qrupunda yer alıb. Püşkün nəticələrinə əsasən, burada rəqiblər Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşdir. “B” qrupunda Fələstin, Oman, Əlcəzair və Türkiyə yığmaları yer alıblar.

Futbol yarışında hər qrupda birinci və ikinci yeri tutan komandalar yarımfinala çıxacaqlar. Yarımfinalda məğlub olan komandalar üçüncü yer uğrunda görüşdə üz-üzə gələcəklər. Komandaların heyəti 23 yaşadək futbolçulardan ibarət formalaşdırılıb. Bununla yanaşı, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə yer alacaq. Futbolda Azərbaycan millisi ilk dəfə çıxış edəcək.

Kişilər arasında həndbol yarışı üzrə püşk Azərbaycan, Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə, Mərakeş, İraq və Əfqanıstan milli komandaları arasında atılıb. Püşkün nəticələrinə əsasən, Azərbaycan milli komandası “A” qrupunda Əlcəzair, Səudiyyə Ərəbistanı və Pakistan milliləri ilə mübarizə aparacaq. “B” qrupunda Türkiyə, Mərakeş, İraq və Əfqanıstan komandaları yarışacaqlar.

Həndbol üzrə qadınların mübarizəsində beş komanda – Kamerun, Özbəkistan, Kot d`İvuar, Türkiyə və Azərbaycan yığma komandaları dairəvi sistem üzrə mübarizə aparacaqlar. Qrupda birinci və ikinci yeri tutan komandalar qızıl, üçüncü və dördüncü yerlərdə qərarlaşan millilər isə bürünc medallar uğrunda mübarizəni davam etdirəcəklər.

Basketbol 3×3 üzrə həm qadınların, həm də kişilərin yarışında on komanda iki qrupda mübarizə aparacaq. Qruplarda ilk dörd yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar. Qadınların mübarizəsində “A” qrupunda Türkmənistan, Azərbaycan, Əlcəzair, Mali və Əfqanıstan, “B” qrupunda İndoneziya, Türkiyə, Suriya, Fələstin və Pakistan milliləri yarışacaqlar. Kişilərin yarışında Türkiyə, Azərbaycan, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan “A” qrupunda, İndoneziya, Qətər, Kot d`İvuar, Mali, İordaniya yığmaları isə “B” qrupunda yer alıblar.

Voleybol üzrə qadınların yarışında beş komanda – Azərbaycan, Türkiyə, Kamerun, Qırğızıstan və Tacikistan bir qrupda dairəvi sistem üzrə mübarizə aparacaqlar. Qrupda ilk dörd yeri tutan komanda yarımfinalda çıxış edəcək.

Kişilərin yarışında isə on komanda iki qrupda gücünü sınayacaq. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər. “A” qrupunda Azərbaycan, Türkiyə, Türkmənistan, Pakistan və Fələstin, “B” qrupunda İran, Qətər, Əlcəzair, Səudiyyə Ərəbistanı və Mərakeş milliləri yer alıblar.

“Bakı-2017”nin su polosu yarışı kişi idmançılar arasında keçiriləcək. Yarışda beş komanda – İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Azərbaycan və İndoneziya bir qrupda dairəvi sistem üzrə mübarizə aparacaq. Dairəvi sistem üzrə yarışın yekununda qalib və mükafatçılar müəyyən olunacaq.

4-cü İslam həmrəyliyi oyunları mayın 12-dən 22-dək keçiriləcək. Tədbirdə 57 ölkədən üç mindən çox idmançı çıxış edəcək. Bakı-2017-nin açılış və bağlanış mərasimləri Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Həmin kateqoriyadan