FOTO
Bakı Olimpiya Stadionu və Atletlər kəndi ilə tanışlıq

Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) Bakıda keçirilən iclasının və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) 95 illik yubiley mərasimində iştirak etmək üçün Azərbaycana gələn qonaqlar martın 2-də Bakı Olimpiya Stadionunda və Atletlər kəndində olublar. Allsport.az xəbər verir ki, Bakı Olimpiya Stadionuna gələn qonaqlara tikintisi başa çatmaqda olan bu müasir idman obyekti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, stadionun tikintisinə 2011-ci il iyunun 6-da başlanılıb. Təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, FİFA və UEFA prezidentləri Yozef Blatter və Mişel Platini iştirak ediblər. İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri məhz bu arenada təşkil olunacaq. Avropa Oyunlarının proqramına daxil olan atletika yarışları məhz bu stadionda keçiriləcək.

Qeyd olunub ki, müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilən Bakı Olimpiya Stadionu bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutur. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Təxminən 50 hektar ərazini əhatə edən stadion 6 mərtəbədən ibarətdir. Əsas və köməkçi stadionlardan ibarət olacaq arenada VVIP, VİP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. Olimpiya normativlərinə əsasən ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib. Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınır. Arenanın layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir.

Sonra qonaqlar Atletlər kəndinə gəliblər.

Məlumat verilib ki, Atletlər kəndi yeni tikilən 8-13 mərtəbəli 13 binadan ibarətdir. Hər binanın birinci mərtəbəsində ümumi istirahət mərkəzi yaradılıb. Burada Avropa Oyunlarının yayımlandığı televiziya kanallarının izləmək və internetə çıxış olacaq.

Bildirilib ki, iyunun 12-dən 28-dək Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının proqramına 20 idman növü daxil edilib. On yeddi gün ərzində Avropadan 6 mindən çox idmançı yarışların mükafatları uğrunda mübarizə aparacaq. İdmanın 12 növü üzrə 2016-cı ildə keçiriləcək Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunları üçün təsnifat imkanları yaradılacaq. Avropa Oyunlarının keçirilməsi Bakı şəhərinə Avropa Olimpiya Komitəsi tərəfindən 2012-ci ilin dekabrında həvalə olunub.

Sonda “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Həmin kateqoriyadan