Bayraqdardan ölkə futbolunda ilk və ya 1 görüşdə görünməmiş rekord

Avropa liqasında çıxış edən “Neftçi” 2-ci təsnifatın cavab oyununda Rusiya “Arsenal”ını 3 cavabsız qolla yendi. Allsport.az saytı xəbər verir ki, Tula təmsilçisini səfərdə 1:0, Moldova “Speranta”sını bundan əvvəlki raundda 3:0 və 6:0 hesabı ilə üstələyən bakılılar uğurlu seriyalarını davam etdirməyi bacarıblar. Bununla da Azərbaycanın ən titullu klubu özünün və ölkə futbolunun tarixinə bəzi rekordlar yaza bilib. Görüş təkcə rekordlar deyil, həm də yubileylərlə əlamətdar olub. 

Bayraqdar avrokuboklar tarixində özünün 20-ci qələbəsini qazanıb. Bu göstəricidə Azərbaycan klubları arasında ikinci olan bakılılar yalnız “Qarabağ”dan geri qalır. Paytaxt təmsilçisi yubiley qələbəsini 62-ci matçında əldə edib. 

Azərbaycan klubları Avropa liqasında 200-cü qolunu vurub. Bu qolun müəllifi Dario Frederiko olub. Turnirin yeni format və adla keçirildiyi 2009-cu ildən indiyədək 182 matç keçirən təmsilçilərimiz ümumilikdə 201 dəfə fərqlənib.

Flaqman ardıcıl qələbə sayını 4-ə çatdırmaqla həm özünün, həm də Azərbaycan klub tarixinin rekordunu vurub.

8-qat ölkə çempionu avrokuboklarda quru seriyasını 4-ə çatdırmaqla klub rekordunu yeniləyib. “Ağ-qaralar” həm də Azərbaycan rekordunu təkrarlayıb. Bunadək “İnter” 2015-17, “Qarabağ” 2018-ci ildə ardıcıl 4 matçda qol buraxmamışdı. Artıq gələn həftə bakılılar mütləq rekordçu ola bilər. Bunun üçün “Bney Yehuda”dan qol buraxmamaq kifayətdir.

“Neftçi” avrokuboklarda ardıcıl 4 quru hesablı qələbə qazanan ilk Azərbaycan komandasıdır. Bunadək heç bir klubumuz bunu bacarmayıb. 

Cari mövsümdə 3-cü dəfə rəqibini böyük hesabla məğlub edib. Bu, Azərbaycan futbolu tarixində yeni rekorddur. İndiyədək bir komanda mövsümdə ən çoxu 2 belə qələbə əldə edib. “Qarabağ” 2011 və 2018-ci illərdə bunu bacarıb. 

“Ağ-qaralar” ardıcıl ikinci ev oyununda böyük hesabla qələbə qazanıb. “Bakcell arena”da baş tutan mövsümün hər iki matçı 3:0 hesabı ilə başa çatıb.

Həmin kateqoriyadan