BFL-də yeni mövsümün püşkü

Bakı futbol liqasının yeni mövsümünün püşkatması olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə qeydiyyatdan keçən komandaların nümayəndələri və digər qonaqlar iştirak ediblər. Açılış çıxışından sonra BFL-in direktoru Natiq Əlixanov və təşkilat işləri üzrə koordinator Murad Qurbanov BFL-də olacaq yeniliklər, reqlament və dünya çempionatı haqqında məlumatları iştirakçıların nəzərinə çatdırıb, qonaqların suallarını cavablandırıblar. Daha sonra püşk atılıb.

Hər qrupda 8 komanda olmaqla iki qrupda mübarizə aparacaq komandaların qrupdakı rəqiblərinə aydınlıq gəlib. Belə ki, “A” qrupunda “Çağırğan” (Sabirabad), “Füzuli”, “Mübariz”, “AgroSport”, “Lökbatan”, “Astara”, “Əmirli Tovuz”, “Borçalı” komandaları pley-off uğrunda mübarizə aparacaqlar. “B” qrupunda “Sirena Motors”, “Army United”, “Alliance”, “Baku”, “Göytürk”, “Seniors”, “Tornado”, “Balaxanı” komandaları yer alıblar.

Azərbaycanın həvəskar futbolunda 8×8 formatı ilə ilkə imza atan Bakı futbol liqası mövsümün daha maraqlı keçməsi və oyunçuların özlərini peşəkar kimi hiss etməsi üçün gündən-günə daha böyük işlərə imza atmaqda davam edir. Qurum yaxın gələcəkdə həvəskarlar arasında dünya çempionatını paytaxtımıza gətirməklə ölkədə həvəskar futbola töhfə verməyi əsas missiya sayır.

BFL 2019/20-ci il mövsümündə qrup mərhələsi dairəvi sistem üzrə (ev/səfər prinsipi) keçirilir. Öz qruplarında ilk 4 sırada qərarlaşan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Pley-off mərhələsi də ev/səfər prinsipi ilə keçiriləcək. Mövsümün ilk turu 6 oktyabr tarixində baş tutacaq.

Bakı futbol kiqasının çempionunu 10 000 AZN pul mükafatı və ya həvəskarlar arasında keçirilən dünya çempionatına vəsiqə gözləyir.

Həmin kateqoriyadan