- Baxış sayı: 30
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Bu gün Mingəçevirdə avarçəkmə üzrə “Prezident kuboku” beynəlxalq reqatasına yekun vuruldu. Allsport.az saytı xəbər verir ki, yarışı izləyənlər sırasında gənclər və idman naziri Fərid Qayıbov da vardı. Mükafatlandırmadan öncə o, ayaqüstü müsahibə verdi:
– Cənab nazir, bu dəfəki yarışa 20-dən çox ölkə qatılıb. Artıq “Prezident kuboku”na maraq böyükdür. İşğaldan azad olunan ərazilərdə belə tədbirlərin yenə keçirilməsini nəzərdə tutulurmu?
– Qarabağ bölgəsində ənənəvi yarışların sayı 3-ü adlayıb. Bir ildə biz hətta 2 beynəlxalq yarış təşkil etmişdik. “Prezident kuboku”nun Suqovuşanda başlayıb Mingəçevirdə bitməsi təqdirəlayiqdir. İldən-ilə iştirakçıların sayının çoxalması, bu yarışa marağın artmasından xəbər verir. Hər dəfə iştirakçı sayı artdıqca, mübarizə də artır. Bizim idmançılara bu daha çətin olur (gülümsəyir). Amma bu, təbii ki, hazırlıq üçün çox önəmlidir. Yüksək təşkilatçılığa görə kanoe və avarçəkmə federasiyasına öz təşəkürümü bildirirəm. Artıq bu növdə bir idmançımız lisenziya qazanıb. İnanıram ki, növbəti olimpiadada lisenziyalarımızın sayı artacaq.
– Olimpiadadan söz düşmüşkən, hazırda 18 idmançımız Paris-2024-ə vəsiqə qazanıb. Davamiyyəti necə qiymətləndirirsiniz?
– Yenə gözləyirik. Nəzərdə tutulandan daha çox ola bilərdi. Amma yenə də idmançılarımız mübarizəni davam etdirirlər. Bir neçə idman növündə bu proses gedir və bir ay ərzində tamamlanacaq. Fürsətdən istifadə edib, olimpiyaçılarımıza uğurlar arzulayıram. Bir balaca çətindir. Bilirsiniz ki, nəsillərin dəyişməsi gedir. Əsas odur ki, yerli idmançılarımız çoxalır. Əsas hədəf 2028-ci ildir. Los Ancelesdə olimpiyaçılarımız sayı daha çox olacaq.
– Sizin uğurlu siyasət nəticəsində artıq yerlilər legionçuları üstələyirlər. Yaxın gələcəkdə eyni proses milli komandalarda yerli məşçilərə də şamil olunacaqmı?
– Bilirsiniz, biz hamımız öyrənməliyik. Elə məşqçilər də həmçinin. Elə idman növlərimiz var ki, orada ənənəmiz yoxdur. Belədə, xaricdən mütəxəssislər dəvət etmək normal haldır. Yerli məşqçilərin püxtələşməsinə bir az vaxt lazımdır. Hər növdə məktəb qurulmalıdır. Həm paytaxtda, həm də bölgələrdə bölmələr açılmalı, gənc mütəxəssislər yetişməlidir. Yaxşı hakimlər olmalıdır. Biz bu prosesdən keçməliyik. Bəzi növlərdən daha tez nəticə gözləyirik. Amma bu, bir qanundur: uğur üçün müəyyən vaxt lazımdır.
Kamran HACI