“Bizi çox önəmli və gərgin oyun gözləyir”

“Belə komandalara qarşı oynamaq böyük motivasiyadır”. 

Allsport.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa ilə oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını qeyd edib: “Bizi çox önəmli və gərgin oyun gözləyir. Rəqibimiz son illərin ən güclü komandalarından biridir. Fransa yığmasında ulduz futbolçular çıxış edir. Futbolçularımızın böyük komandalara qarşı mübarizəsi önəmlidir. Rəqibin sabah azarkeş dəstəyi də olacaq. Buna baxmayaraq, oyunçularımız bütün güclərini ortaya qoyacaqlar. Belə böyük komandalara qarşı oynamaq özü böyük motivasiyadır. İlk gündən futbolçularımızın məşqə həvəslə yanaşması yaxşı haldır. Gələcəkdə nələrsə qazanmaq üçün uşaqlar bu cür matçlarda özlərini göstərməlidirlər”.

Abbasov komandasının müsbət nəticə əldə edə bilmək potensialına malik olduğunu vurğulayıb: “Futbolda hər şey mümkündür. Oyunçularımdan istəyim odur ki, nə olur-olsun, meydanda təslim olmasınlar və rəqibdən çəkinməsinlər. Belə böyük oyunlar biz məşqçilər üçün də gözəl şansdır. Məşqçi heyəti olaraq futbolçularımızı oyuna yaxşı hazırlamaq üçün əlimizdən gələni etdik”.

Fransa – Azərbaycan matçı oktyabrın 10-da “Park de Prens” stadionunda keçiriləcək.

Həmin kateqoriyadan