“Bizim də ildən-ilə təcrübəmiz artır”

Çempionlar liqasının əsas mərhələsinin III turunun “Atletik” (İspaniya) – “Qarabağ” oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, o, sabah baş tutacaq qarşılaşma haqda fikrini bildirib.

Qurban Qurbanov güclü rəqiblə matça hazır olduqlarını söyləyib: “Vacib oyundur. Çox yaxşı komandaya qarşı çıxış edəcəyik. Təcrübəli baş məşqçiləri var. Özünəxas oyun üslubuna malik, dinamik, çox sürətli, müdafiə və hücumda aqressiv olan kollektivdir. Bizim də ildən-ilə təcrübəmiz artır. Bilirik ki, meydanda çox hərəkət etməli və çox düşünməli olacağıq. Daha yığcam oynamağa və “Atletik”in tempinə tab gətirməyə çalışacağıq. İnanıram ki, azarkeşlərimiz göstərdiyimiz oyundan, apardığımız mübarizədən razı qalacaqlar”.

Baş məşqçi “Qarabağ”ın uğurlu nəticələrinə Türkiyədə marağın artmasına da münasibət bildirib: “Bizim hər matçımıza qardaş ölkə Türkiyədən böyük dəstək olur. Səfərdə çıxış edəndə oyunumuza da gəlirlər. Onların hər birinə təşəkkür edirəm. Çox xoş hissdir. Bizə dəyər verən insanların sayının çox olması məsuliyyətimizi və həvəsimizi artırır”.

Həmin kateqoriyadan