“Bizim üçün oyunun vacib hissəsi sabah olacaq”

“Birinci oyunun nəticəsini yaddan çıxarmışıq. Bizim üçün oyunun vacib hissəsi sabah olacaq”.

Allsport.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu Bruno Franko Yunanıstanda “Aris”ə qarşı keçirəcəkləri konfrans liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.

Braziliyalı müdafiəçi meydana hesabın 0:0 olduğunu düşünərək çıxacaqlarını bildirib: “Yəni, ilk oyuna necə çıxmışdıqsa, bu dəfə də o şəkildə meydana ayaq basacağıq. İlk oyunda yaxşı imkanlarımız oldu. Artıq bunlar keçmişdə qaldı. Birinci oyunda nə etmisənsə, qaldı arxada. İndi sabahkı görüşə diqqət ayırmalıyıq”.

27 yaşlı oyunçu dolu tribunalar qarşısında çıxış etməkdən qorxmadığını diqqətə çatdırıb: “Bilirik ki, sabah stadionda anşlaq olacaq. Bu cür oyunlarda iştirak etmişəm. Yaxşı olardı ki, bizim fanatlar da stadionda yer alsın. Ancaq bunlar oyuna köklənməyimizə təsir etməyəcək”.

İyulun 31-də Salonikidə keçiriləcək “Aris” – “Araz-Naxçıvan” oyunu Bakı vaxtı ilə saat 22:15-də başlanacaq.

Həmin kateqoriyadan