BOK namizəd şəhərlər üçün sifarişlərin yeni formatını təsdiqlədi

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Monte-Karloda keçirilmiş sessiyası Olimpiya oyunlarına ev sahibliyi etmək arzusunda olan şəhərlər üçün sifarişlər prosesinin yeni formatını təsdiq edib. Allsport.az xəbər verir ki, yeni qaydalara əsasən, həmin şəhərlər yarışların bir hissəsini nəinki başqa şəhərlərdə, hətta qonşu ölkələrdə keçirə bilərlər.

BOK üzvləri 2020-ci ilə qədər olan dövrdə olimpiya hərəkatının inkişafı strategiyasını müzakirə etməyə başlayıblar. Strategiyanın əhatə etdiyi 40 tövsiyədən üçü bilavasitə şəhərlərin sifarişlərinin təqdim olunması prosesinin yeni formatına aiddir. Bu proses daha davamlı və cəlbedici olmalıdır. Birinci tövsiyəyə əsasən, sifariş prosesini elə transformasiya etmək təklif olunur ki, sifariş dəvət forması kəsb etsin. BOK Olimpiadaların bu və ya digər şəhərdə keçirilməsi təşəbbüsünü müstəqil şəkildə irəli sürmək imkanı əldə edib.

Bütövlükdə Olimpiya Oyunlarına ev sahibliyi etmək arzusunda olan şəhərlər barəsində 10 yeni tələb qəbul edilib. İndi sifarişdə qeyd edilə bilər ki, Oyunlar nəinki onlara ev sahibliyi edən şəhərin hüdudlarından kənarda, hətta qonşu dövlətlərin ərazisində yerləşən infrastrukturdan da istifadə edilməsini nəzərdə tutur. İkinci tövsiyə Oyunların keçirilməsi hüququ bu və ya digər şəhərə verilərkən yarana biləcək risklərin daha dəqiq aşkar edilməsinə yönəlib. Sifarişi qiymətləndirməyin yeni meyarı – idmançıların rəyi nəzərə alınacaqdır. Bundan əlavə, yeni qaydalara əsasən, sifarişdə yarışların keçirilməsi və şəhər infrastrukturunun inkişafı üçün çəkilən xərclərin dəqiq fərqləndirilməsi tələb olunur. Üçüncü tövsiyədə sifariş kampaniyası ilə əlaqədar xərclərin azaldılması əks olunub. Xüsusi halda, BOK Olimpiadanın keçirilməsinə iddia edən şəhərləri əlaqələndirmə komissiyalarının namizəd şəhərlərə səfəri ilə bağlı xərclərdən, habelə sifariş komitələrinin BOK-un himayəsi altında keçirilən tədbirlərdə iştirakı ilə bağlı xərclərdən azad edir.

Bundan əlavə, həm Yay, həm də Qış Olimpiya Oyunlarının iştirakçılarının sayı və mükafat dəstlərinin miqdarı barədə təqribi məhdudiyyətlər tətbiq edilir. Bəyənilmiş tövsiyədə göstərilir ki, Yay Olimpiya Oyunlarında təxminən 10.500 idmançı iştirak edə bilər, bu Oyunlarda 310 mükafat dəsti təqdim edilməlidir. Qış Olimpiya Oyunlarında 2900-ə qədər idmançının iştirak etməsi nəzərdə tutulur. Bu idmançılar 100 dəst mükafat uğrunda mübarizə aparacaqlar. Beynəlxalq Olimpiya Komitəsi Monakoda keçirilən növbədənkənar sessiyasında Olimpiya Xartiyasının fundamental prinsipləri sırasına seksual oriyentasiya əlamətinə görə ayrı-seçkiliyin qadağan olunması prinsipini də daxil edib.

Xatırladaq ki, Olimpiya Xartiyası BOK-un əsas vəzifələrinin və fəaliyyət prinsiplərinin şərh edildiyi sənəddir. Olimpiya Xartiyasının ilk versiyası 1894-cü ildə işlənib hazırlanıb və təsdiq edilib. Olimpiya Xartiyasında təsbit olunmuş əsas prinsiplər bunlardır: olimpizm prinsipi (idman ilə insanın fəaliyyətinin digər növlərinin birləşməsinə dair fəlsəfi prinsip), insanın harmonik inkişafı və onun ləyaqətinə hörmət prinsipi, olimpiya hərəkatının universallığı, müasirlik prinsipi, insanın idmanla məşğul olmaq hüququnun sərbəst reallaşdırılması, idmanda irqi, cinsi və milli mənsubiyyət əlamətlərinə görə ayrı-seçkiliyin yolverilməzliyi prinsipi.

Həmin kateqoriyadan