Boks üzrə Olimpiya çempionu Bakı-2015-in elçisi oldu

Bakı 2015 Avropa Oyunları bu gün irlandiyalı boksçu Keti Teyloru tarixdə ilk dəfə bu yay keçiriləcək Oyunların beynəlxalq idman elçisi elan edib. Allsport.az xəbər verir ki, London 2012 Olimpiya Oyunlarında qızıl medal qazanmış xanım Teylor həmçinin 60 kq çəki kateqoriyasında hazırkı İrlandiya və dünya çempionudur.

Onun mühüm çempionatlarda qazanmış olduğu medallar siyahısına Olimpiya çempionu olmaqla yanaşı, beş ardıcıl dünya çempionu, altı ardıcıl Avropa çempionu və beş Avropa İttifaqı qızıl medalı olmaqla 17 qızıl medal daxildir və Teylor qadın boksu tarixində ən çox medal qazanmış idmançı hesab edilir.

Bakı 2015-in əməliyyatlar üzrə baş icraçı direktoru cənab Saymon Kleg deyib: “Keti-ni beynəlxalq idman elçisi qismində Bakıda salamlamaq mənim üçün çox xoşdur. Onun kimi dünya miqyaslı bir çempionun ilk Avropa Oyunlarını dəstəkləməsi tədbir üçün böyük bir üstünlükdür və bu yay keçiriləcək yarışların yüksək səviyyəsindən xəbər verir. Mən Keti-nin idman elçisi qismində Oyunları İrlandiyada böyük məmnuniyyətlə təşviq edəcəyindən əminəm və onun iyun ayında Bakıda yarışacağı günü səbirsizliklə gözləyirəm”.

Bakı 2015-in idman elçiləri həm yarışdıqları idman növünü təmsil edəcəklər, həm də Avropa Oyunlarının təşviqi məqsədilə bütövlükdə qitə üzrə və sosial mediada marketinq kampaniyalarında iştirak edəcəklər.

İrlandiya Respublikasının milli qadın futbol komandasını da təmsil edən 28 yaşlı xanım Teylor bildirdi: “Bakı 2015 Oyunları Avropa idmanı üçün gözəl bir irəliləyişdir və mən həm idman elçisi, həm də yarışçı olaraq burada iştirak etdiyim üçün çox məmnunam. Oyunlar haqqında məlumatlılığın artırılması və bu haqda mümkün qədər daha çox insanın xəbər tutması üçün əlimdən gələni edəcəyəm.”

İrandiya Olimpiya Şurasının sədri cənab Patrik Hikki deyib: “Mən Keti-nin Bakı 2015 Oyunlarını ölkəsində lazımınca təşviq edəcəyindən və bu yay Azərbaycanda irlandiyalı idmançılara dəstək olacağından heç bir şübhə duymuram. Birinci Avropa Oyunlarına elçi qismində onun kimi dünyanın öndəgedən yarışçılarından birini cəlb etdiyiniz üçün peşman olmayacaqsınız.”

Bir qismi yaxın gəlcəkdə açıqlanacaq Bakı 2015 idman elçiləri sırasına xanım Teylorla yanaşı Britaniyalı taekvondoçu Ceyd Cons, Fransalı bədii gimnast Kseniya Mustafaeva, Danimarkalı kanoe sprintçi Rene Holten Poulsen, Serbiyalı 3×3 basketbolçular Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Deyan Maystoroviç daxildir.

Həmin kateqoriyadan