Batı YAR
Böyük futbolda cəmi 8 klub qaldı

Bəxtiyar Məmmədov | batyyar@mail.ru

Mərhələli həll yolları tətbiq edilməsə, həqiqi uğur olmayacaq

Azərbaycan futbolunda nə baş verdiyini normal düşüncə ilə anlamaq get-gedə çətinləşir. Çünki qitə və dünya miqaslı yarışlara ev sahibliyi etməklə beynəlxalq təşkilatçılıq təcrübəsini möhkəmləndirən AFFA, ölkə klub futbolunda dönüş yaratmaqda çətinlik çəkir.

Bunu əyani görmək üçün lisenziya komissiyasının sonuncü qərarlarına baxmaq yetərlidir. AFFA-nın rəsmi internet saytı təşkilatın lisenziya komissiyasının iclasında müvafiq tələbləri ödəyə bilməyən klublara verdiyi əlavə 14 gün möhlət müddəti ərzində təqdim olunmuş sənədlərə baxılması barədə məlumat yayıb. Lisenziyalaşdırma qaydalarına əsasən qərara alınıb ki, 2016-17-ci illər mövsümündə Premyer liqa yarışlarında iştirak etmək üçün “Bakı”, “Xəzər Lənkəran”, “Qaradağ Lökbatan”, “Neftçala”, “Şərurspor”, “Turan Tovuz” və “Zaqatala” klublarına lisenziya verilməsin. Premyer liqa yarışlarında iştirak etmək hüququ isə AzAL, “Kəpəz”, “İnter”, “Qarabağ”, “Qəbələ”, “Neftci”, Sumqayıt və “Zirə” klublarına verilib.

Belə çıxır ki, normal futbol infrastrukturu quran daha bir klub da acı aqibətlə üz-üzə qalıb. Bu vaxta qədər Yevlax “Karvan”ı, İmişli “MKT Araz”ı, Zaqatala “Simurq”u, Bakının eyniadlı təmsilçisi, Tovuzun “Turan”ı belə siyahıların ən parlaq nümayəndələri idi. İndi siyahıya “Xəzər Lənkəran” əlavə olunur. Klubun rəhbərliyi əsas komandasını ləğv edərək, onun Azərbaycan çempionatlarında çıxışını dayandırıb və aşağı yaş qrupları üzrə fəaliyyətini davam etdirəcək.

Əlbəttə, qeyd edilən komandaların – liqalı-liqasız – hələ də yarışda olduğunu iddia etmək olar. Lakin lap birinci dəstə olsa belə, bir yarışda ki, komandalar illərlə liderlər cərgəsində yer alıb, lisenziya tələblərini yerinə yetirə bilmirsə, qazanılan uğurlar da ilğım xarakterli olacaq. Elita bir kənara, AFFA və onun klub yarışlarına məsuliyyət daşıyan peşəkar qurumu artıq neçənci ildir aşağı dəstəni nəinki dirçəldə bilmir, hətta onu ölkədə futbolçuların sayını artıran bir quruma da çevirə bilməyib. Belə bir liqada vaxtilə Avropa məkanında siftə etmiş “Turan” və “Karvan”, habelə “Bakı”, “Simurq”, “MKT Araz” kimi komandaların nə işlə məşğul olduğundansa söz açmağa dəymir. Onlar qarşıda heç bir uğur tələbi olmadığı məqamda belə minimal lisenziya tələblərini yerinə yetirə bilmirlər. Hətta maraqlı futbolu ilə seçilən “Neftçala”nı bu siyahıya qatmaq olar. Elə isə bu komandalar nə ilə məşğuldurlar? İndi müxtəlif normal və konkret, həm də işçi və işgüzar proqramları həyata keçirməklə regionlarda futbola təkan verməli olan beynəlxalq miqyasdan fərqli olaraq, ölkədə normal yarış təşkilatçılığını həyata keçirə bilmir.

Təşəbbüs və təbliğat maşını deyil, eyni zamanda həvəsləndirici və maarifləndirici addımlar belə atılmadığı bir vaxtda hansısa regionda futbol təsərrüfatı quruculuğuna doğru ciddi addım atılacağına inanmaq çətindir. Axı, indiki peşəkar klublarımızın özləri də bu münasibətdən çox uzaqdırlar. Bunun bariz nümunəsini hələ ötən ilə qədər futbolumuzda at oynadan “İnter”in, eləcə də AzAL-ın, hələ bu az imiş kimi, ənənələri, həm də son illərdəki uğurları ilə diqqət çəkən “Neftçi”nin nümunəsində də əyani görmək olar. Belə çıxır ki, əvvəlki illərin uğurları bir ilğım olub və beləcə, buna qədər söylədiklərimiz bir daha təsdiqlənir.

Futbolu dirçəltmək üçün ciddi işçi proqram lazımdır. Kiməsə elə görünə bilər ki, bunun üçün dərin təhlillər lazımdır. Əsla, yüz minlər və milyonlarla sevəni olan futbolun Azərbaycanda maarifləndirmə işi ən aşağı səviyyədədir. Regionlarda bu idman növünün təbliğatını, təşviqatını futbol naşılığının aradan qaldırılması ilə başlamaq lazımdır. Televiziya ekranları qarşısında hansısa dünya nəhənginə azarkeşlik etmək, həyəcanlanmaq hələ futbol biliklərinə yiyələnmək deyil. Bunun üçün əsl məktəbin təməli qoyulmalıdır. İlkin biliklər üçün əlifbadan başlamaq lazımdır.

Bəli, futbolumuz bu həddə enib. Çarə qol çırmayıb mərhələli həll yollarını tətbiq etməkdir. Bu mənada AFFA hazırkı az-çox uğur qazanan və öz yerini tutmuş klublarla birlikdə bu layihələri rahatlıqla başlaya bilər. Həqiqi uğurlara yol yalnız bu həmrəylikdən keçə bilər (“İdman”).

Həmin kateqoriyadan