- Baxış sayı: 37
- 26 Noyabr 2024 17:01
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin sabiq baş məşqçisi, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev qol.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.
– Ötən gün Məşqçilər Komitəsi ilə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin görüşü oldu. Hansı məsələlər müzakirə edildi?
– Əsasən Premyer Liqamızı müzakirə etdik. Daxili çempionatın səviyyəsini necə qaldırmağın yollarını araşdırdıq. Futbolumuzun inkişafı üçün ən birinci çempionat oyunlarından başlamaq lazımdır. Yəni əsas sohbətimiz bu mövzuda oldu.
– Legioner limiti ilə bağlı söhbət oldumu?
– Bu məsələni AFFA İcraiyyə Komitəsi həll edir. Biz bu gün deyə bilərik ki, legioner limiti azalsın, yaxud da artsın. Ancaq onsuz da son qərarı İcraiyyə Komitəsi verəcək.
– Bir mütəxəssis kimi limitdə dəyişiklik edilməsinə ehtiyac duyurusunuz?
– Məncə, bu gün legioner limiti tam qaydasındadır. Limitdə dəyişiklik edib, legionerlərin sayını artırsaq, azərbaycanlı futbolçulara o qədər də ehtiyac olmayacaq. Azərbaycanlı futbolçunun oyun təcrübəsi azalsa, millinin inkişafından sohbət gedə bilməz. Buna görə də bu mövzu ətrafında söhbət etdik. Ancaq konkret qərarlar haqda danışılmadı. Onu da deyim ki, bu gün futbolçularımızın yaşayış səviyyəsi çox yaxşı olsa da, əvvəlki futbolu oynamırlar.
– Bəlkə elə bu da limitlə bağlıdır. Yəni limitlə bağlı verilən son qərardan sonra yerli futbolçularda arxayınlaşma ola bilər.
– Əlbəttə, sözünüzdə həqiqət var. Gəlin, gizlətməyək ki, bizdə yerli futbolçu qıtlığı var. Ancaq sevindirici haldır ki, artıq uşaq futboluna da qayğını artırıblar. Bir neçə gün əvvəl “Əlincə” Futbol Klubunun bazasında oldum. İnanın ki, mən sözün yaxşı mənasında heyrətləndim. Onların şəraitini gördüm, inanmadım ki, Azərbaycanda belə bir klub var. Klub rəhbəri Hacı Məhərrəmlə söhbət etdim. O mənə bildirdi ki, birinci divizionda iştirak etsələr, ancaq “Əlincə”nin yetirmələrindən istifadə edəcəklər. Yəni bu faktı ona görə danışdım ki, hamı bilsin ki, bizim gələcəkdə yetərincə yerli futbolçumuz olacaq.
– Son vaxtlar Eddi İsrafilovun millimizdə oynaması yenidən gündəmə gəlib. Sizcə, milli komandamız xaricdən legioner dəvət etməklə irəli gedə bilər, yoxsa yerli futbolçularımıza güvənməklə?
– Əgər Azərbaycan millisini Foqtsun saldığı bu bataqlıqdan çıxarmaq istəyiriksə, sırf yerli futbolçulara şans verməliyik. Bu İspaniyadan gələn futbolçunun mənşəyi nədir?
– Anası azərbaycanlı, atası isə anqolalıdır.
– Vaxtilə tarixi bir dövr olub – matriarxat. Yəni o dövrdə nəsil ana ilə sayılıb. Ancaq biz gözümüzü açandan görmüşük ki, nəsil atanın adı ilə davam etdirilir. Belə çıxır ki, keçmişə qayıdırıq? Yox, belə olmaz. Hələ bilmək olmaz ki, o futbolçu burda necə oynayacaq.
– AFFA ilk dəfə İsrafilova millidə oynaması üçün təklif göndrəndə o, 1 milyon avro tələb edib. Yəqin bundan xəbərdarsınız.
– Onun neçə yaşı var?
– 22
– Bu insan hələ 22 yaşında vətənində oynamaq üçün 1 milyon pul istəyir. Xeyr, qovun getsin.
– Hələ Azərbaycana gəlməyib.
– Unutmayın ki, futbolumuzu bu bataqlıqdan ancaq azərbaycanlı futbolçular çıxara bilər. Artıq o İsrafilov dediyiniz futbolçunun niyyəti bəllidir. O, bura sırf pul üçün gəlir. Onun öz ölkəsinə xidmət etmək fikri yoxdursa, bura gəlməsə yaxşıdır.
– AFFA İsrafilovla yenidən maraqlanır və onun millimizin düşərgəsinə qoşulması gözlənilir…
– Sabah bu məsələ müzakirəyə çıxarılsa, mən hər iki əlimi qaldırıb “yox” deyəcəyəm.
– Onun millimizə çağırılması ilə bağlı Məşçilər Komitəsi ilə məslətləşmə olmayıb?
– Xeyr, hələ ki, bu barədə danışığımız olmayıb. Qeyd etdiyimi kimi, mən qəti şəkildə bu işin əleyhinəyəm. Əgər o pul üçün gəlirsə, mən buna razı ola bilmərəm.