“Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir”

“Araz-Naxçıvan”a keçdiyimə görə şadam və həvəslə futbol mövsümünün başlanmasını gözləyirəm”. Allsport.az xəbər verir ki, bu sözü “Araz-Naxçıvan”nın yeni transferi Həmid Keyta klubun rəsmi saytına deyib. Fransalı yarımmüdafiəçi komandanın uğur qazanması üçün əlindən gələni edəcəyini bildirib:

“Bu komandaya kömək etmək, qələbələr qazanmaq üçün gəlmişəm. “Araz-Naxçıvan” ötən mövsüm yaxşı nəticələr qazandı. Komandanın 3-cü yeri tutması, konfrans liqasına vəsiqə qazanması yaxşı işlərin nəticəsidir. Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir. Üstəlik, komandada kifayət qədər tanıdığım futbolçu yer alıb”. 

31 yaşlı futbolçunun fikrincə, əsas sınaq konfrans liqasının I təsnifat mərhələsində Yunanıstanın “Aris” klubuna qarşı matçla başlayacaq: “Bu görüşü final oyunu da adlandırmaq olar. Bilirik ki, yaxşı kollektivə qarşı mübarizə aparacağıq. Rəqibi düzgün təhlil edəcəyik və yaxşı hazırlaşacağıq. Bunun üçün vaxtımız var. Transferlərimiz də komandanı gücləndirəcək oyunçulardır”.

Keyta ilə 2026-cı il mayın 31-dək müqavilə imzalanıb. O, ölkəmizdə “Zirə” və “Qarabağ”da da çıxış edib.

Həmin kateqoriyadan