“Bütün işlərimdə Allahın adını ən başda və uca tuturam”

“Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərov musavat.com-a müsahibə verib. Allsport.az saytının məlumatına görə, həmkarımızla söhbətdə, iş adamı onun barəsində yayılan şaiyələrə aydınlıq gətirib. Bildirib ki, haqqında deyilən qaranlıq məqamlar uydurmadan başqa bir şey deyil:

“Uzun illərdir respublikamızda bir çox şirkətlərə rəhbərlik edirəm. Heç vaxt səbəbsiz olaraq işlərimizə müdaxilə edilməsini görməmişəm. Kənardan baxana başqa cür görünə bilər. Amma biz bu müdaxilələrin səbəbini və günahını özümüzdə axtarmışıq. Həqiqətən də səbəb olan səhvi tapandan sonra işlər yenə qaydası ilə getdiyinin şahidi olmuşuq. Azərbaycan iş gördüyümüz digər respublikalarla müqayisədə çox inkişaf edib.
Bilirsiniz ki, ağır atletikada klubumuzun uğurları nəzərə alınaraq 2010-cu ildə Azərbaycan Ağır Atletika Federasiyasına vitse-prezident seçildim. Özüm də keçmiş ağırlıqqaldıran, Olimpiya oyunlarının iştirakçısı, idman ustasıyam. 2011-ci ildə işlərimiin çoxluğunu nəzərə alaraq, öz xahişimlə postumdan ayrıldım. Ancaq ağır atletikaya köməyimi dayandırmadım və xidmətlərimi indiyə qədər də klub səviyyəsində davam etdirirəm”.

“AAAF-İnşaat MMC”-nin təsisçisi və AAAF Park Yaşayış Komplesinin qurucusu onu da əlavə edib ki, dini sövuda onu hansısa təriqətlə əlaqələndirmək doğru deyil:

“Azərbaycan tolerant ölkədir. Biz də “AAAF Park” olaraq sakinlərimiz arasında fərq qoymadan bu siyasəti davam etdiririk. Ancaq Azərbaycanda bundan istifadə edən qüvvələr var. Bir neçə idmançını yoldan çıxarıb öz çirkin məqsədləri üçün istifadə etmək istəyirlər. Biz minlərlə idmançını maliyyələşdiririk ki, içərisindən bir, iki Olimpiya çempionu çıxsın. Sonunda bizim əziyyətlər boşa çıxır. Məcbur olduq, səhv yola düşən bir neçə tanınmış idmançını AAAF Park ərazisindən kənarlaşdıraq. Buna görə bizə təzyiqlər də oldu. Bizim şirkətlərimiz çox inkişaf edib. Hər təbəqədən olan insanlar bizə müraciət edir, biz də onların hamısı ilə bərabər rəftar edir, hamının yanında hörmətimizi saxlayırıq. Məmurlar, idmançılar və dindarlarla da öz dillərində danışırıq. Ona görə də məni gah hansısa məmurun adamı, gah vəhabi, gah nurçu, gah da ki İranın adamı kimi qələmə verirlər.

Mən xahiş edirəm, heç kim bu şayiələrə inanmasın, heç kəsi mənim adımla birgə hallandırmasınlar. Din məsələsinə qaldıqda, mən idman mütəxəssisiyəm. Azərbaycanda qadın ağır atletikasını mən ortaya çıxarmışam. Rəhbərlik etdiyim klubda da bədii gimnastika ikinci bir idman növü kimi uzun illərdir ki, fəaliyyət göstərir. Məndən çətin dindar ola. İbadətimi özüm üçün anladığım qədər edə bilirəm və bütün işlərimdə də Allahın adını ən başda və uca tuturam”.

Həmin kateqoriyadan