“Çalışacağıq ki bayrağımızı bundan sonrakı yarışlarda da dalğalandıraq”

VI İslam həmrəyliyi oyunlarında 11 medal qazanan atletlərimiz Vətənə qayıdıblar.

Allsport.az xəbər verir ki, Heydər Əliyev beynəlxalq hava limanında ağırlıqqaldıranlarımızı idman ictimaiyyətinin üzvləri və jurnalistlər qarşılayıblar. Qarşılanma mərasimində atletlərimiz media nümayəndələrinin suallarını cavablandırıblar.

Dadaş Dadaşbəyli: “Əvvəla federasiyamızın prezidenti Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudova minnətdarlığımı bildirmək istəyirəm. Çünki yaxşı hazırlıq keçmədən hansısa yarışda medal qazanmaq mümkün deyil. Zədəli olduğum müddətdə federasiya tərəfindən mənə xüsusi diqqət göstərildi və nəticə göz qabağındadır. Çalışacağıq ki bayrağımızı bundan sonrakı yarışlarda da dalğalandıraq”.

Ravin Alməmmədov: “Ardıcıl 2 yarışda iştirak etdik. Çətin olsa da öhdəsindən gələ bildim. Nəticələrimizi daha da yaxşılaşdırmalıyıq. Federasiya rəhbərliyinə, klub prezidentimiz və şəxsi məşqçimə təşəkkürümü bildirirəm. Addım-addım hədəflərimizə doğru gedəcəyik”.

İsa Rüstəmov: “İslam oyunlarına yollananda qarşıya medal qazanmaq məqsədi qoyulmuşdu. Bəzən məşqdə göstərdiyin nəticəni yarışda təkrarlamaq olmur. Sadəcə daha çox işləmək lazımdır. Qələbəmi şəhidlərimizin əziz xatirəsinə həsr edirəm”.

Nuray Əbilova: “Mənə göstərilən etimadı doğrultduğum üçün sevincliyəm. Yarışdan-yarışa təcrübə yığmalıyam. İslam oyunlarındakı nəticəmdən narazı deyiləm amma daha ağır çəkiləri qaldırmışam. İnanıram ki ardı gələcək”.

Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandası İslam həmrəyliyi oyunlarında 11 medal qazanmaqla tarixi rekord müəyyənləşdirib.

Həmin kateqoriyadan