Vaqif Cavadov: “Azərbaycana qayıtmaq barədə düşünmürəm”

“Qaziantəpspor Böyükşəhər Bələdiyyəspor”un futbolçusu Vaqif Cavadov azerisport.az saytına müsahibəsində Türkiyə karyerasından, Eddi İsrafilovun Azərbaycan millisinə çağırılmasından, eləcə də Robert Prosineçkidən danışıb. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Türkiyə mətbuatı klubunun səninlə vidalaşdığını yazıb. Bu barədə məlumatlısan?
– Hazırda istirahətdəyəm. Klubdan mənimlə əlaqə saxlayan olmayıb. Türkiyəyə qayıdan kimi klub nümayəndələriylə görüşüm olacaq. Həmin görüşdə bütün məsələlər həllini tapacaq.

– Yəni ola bilər ki, klubu tərk edəsən?
– Bu barədə indi heç nə deyə bilmərəm. İstənilən halda Türkiyə karyeram başa çatmayıb. Orada bir neçə təklif var. Maraqlı təkliflər olsa belə, heç kimlə danışmıram. Çünki “Qaziantəpspor Böyükşəhər Bələdiyyəspor”la müqaviləm var. İstəyirəm sona qədər oynayım. Alınmasa, başqa kluba keçəcəyəm. Hələlik, Azərbaycana qayıtmaq barədə düşünmürəm.

– Türkiyədə oynamaq nə qədər çətindir?
– Düzünü deyim, ki asan deyil. Azərbaycan Türkiyə ilə yaxşı münasibətlərə malik olsa belə, futbolda heç kimə güzəşt yoxdur. Legioner meydana çıxmaq üçün yerli futbolçudan iki dəfə yaxşı olmalıdır. Yalnız bu halda məşqçilər sənə etibar edir.

– Türkiyə karyeranı necə qiymətləndirirsən?
– Özüm haqda danışmaq istəməzdim. İzləyənlər bilir ki, əksər oyunlardan meydanda olmuşam. Daha çox qol vura bilərdim. Bununla belə pis oynamışam. Hər oyunda komandanın qələbə qazanması üçün çalışmışam.

– Millinin futbolçusunun birinci liqada çıxış etməsi nə deməkdir?
– Türkiyə birinci liqasında 18 komanda var. Bu o deməkdir ki, orada rəqabət var. Kifayət qədər güclü çempionatdır. Azərbaycan Premyer Liqasıyla müqayisə etsəm, Türkiyə klublarının zəif olmadığını deməliyəm. Türkiyənin birinci liqadakı klubları “Qarabağ”la “İnter”i çıxmaq şərtiylə Premyer Liqada çıxış edən digər komandalarımızdan fərqlənmir. Demək olar ki, eyni gücdədirlər.

– Yeri gəlmişkən, keçmiş komandanda baş məşqçi Kaxaber Sxadadze Gürcüstan millisiylə müqavilə imzalayıb. Səncə, onun gedişi kluba təsir edəcək?
– Sxadadzenin gedişi “İnter”ə təsir etməyə bilməz. O, komandanı yaxşı tanıyır. Daim mükafatçılar sırasında yer alıblar. Bəzən mövsümə uğursuz başlasalar da, sonrada yaxşı nəticə göstəriblər. Bu mənada “İnter”in uğurlarında Sxadadzenin əməyi böyükdür. Onun rəhbərliyi altında çıxış edəndə çox şeyi öyrənmişəm. O gedəndən sonra komanda üçün çətin olacaq.

– Millinin yeni baş məşqçisi Robert Prosineçki haqda nə fikirdəsən?
– Prosineçki haqda həmkarlarımdan yalnız yaxşı sözlər eşitmişəm. Birinci liqada çıxış edən futbolçular deyir ki, hətta birinci liqanın oyunlarına gəlir. Bu mənada Prosineçkinin işinin yığmamızda uğurlu alınacağına inanıram. Çox vaxtı Azərbaycanda olur. Çalışır yerli futbol mentalitetini öyrənsin.

– İspaniyanın “Qranada” klubunun şərəfini qoruyan Eddi İsrafilov bundan sonra millimizdə çıxış edəcək. Səncə, onun gəlişi yığmanı gücləndirə bilər?
– Bizim millidə çox mehriban atmosfer var. Hər bir yeni futbolçunu yaxşı qarşılayırıq. Onun öyrəşməsinə dəstək oluruq. Düzünü desəm, İsrafilovun oyununu izləməmişəm. Amma əgər Prosineçki dəvət edibsə, deməli onu bəyənib. Hər halda baş məşqçi zəif futbolçunu yığmaya çağırmaz. O da istəyir ki, Azərbaycan millisi yaxşı oyun sərgiləsin.

Həmin kateqoriyadan