Cavid Qurbanov: Düşünürəm ki, Avropa çempionatında öz sözümüzü layiqincə deyə biləcəyik

Bu gün AVF-nin prezidenti Cavid Qurbanov qadınlar və kişilərdən ibarət milli voleybol komandaların məşqçi, oyunçuları və əməkdaşları ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, tədbirdə senytabrda ölkəmizdə keçriləcək Avropa çempionatı geniş müzakirə olunub. Təşkilat rəhbəri işlə  bağlı bunu deyib:

“İlk olaraq hər kəsi qazanılan qələbələr münasibəti ilə təbrik edirəm. Qadınlardan ibarət milli komandamız bu günə kimi öz üzərlərinə düşən öhdəlikləri yüksək səviyyədə həyata keçirdilər. Biz bu gün İslam oyunlarının qalibi və dünya çempionatının iştirakçılarıyıq. Qarşıda isə bizi daha böyük və məsuliyyətli yarış Avropa çempionatı gözləyir.

Düşünürəm ki, biz öz sözümüzü layiqincə deyə biləcəyik. Mən federasiya rəhbəri olaraq əlimdən gələn köməyi etməyə hazıram ki, biz çempionatda yüksək nəticələrdən birini əldə edək. Yalnız burda böyük iş siz voleybolçuların və məşqçilərin üzərinə düşür. Azərbaycan Avropa çempionatına ev sahibliyi edir. Biz AVF olaraq bu yarışın təşkilində bacardığımızı edə bilərik amma əsas qələbədir. Düşünürəm ki, bizim komandamız qələbəyə layiq komandadır. Bir neçə gündən sonra hazırlıqlar başlayacaq, mənim fikrimcə hər bir oyunçu Avropa çempionatının məsuliyyətini dərk edir. Buna görə də var gücünüzlə çalışmalısız ki, yüksək nəticə əldə edəsiz. Hər birinizə uğurlar arzu edirəm.

Kişilərdən ibarət milli komandamız İslam oyunlarında 2-ci yerin sahibi oldular. Deyə bilərəm ki, gümüş medallar böyük nəticədir. Yaxın keçmişdə kişilərdən ibarət milli komandamızın belə bir uğuru olmamışdır. Bu qələbə münasibəti ilə sizləri təbrik edirəm. Buna baxmayaraq Avroliqa yarışlarında komandamızın çıxışı ürək açan olmamışdır. Bu gün bizim əsas məqsədimiz kişi voleybolunu daha da yüksəltməkdir. Ölkə çempionatında kişi komandalarının sayı ilə bərabər komandaların gücünü də artırmaqdır”.

Qeyd edək ki, 22-25 iyulda Bakıda və Göygöldə Avropa çempionatının test oyunları keçiriləcəkdir.

Həmin kateqoriyadan