- Baxış sayı: 242
- 02 Oktyabr 2024 15:15
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Bəxtiyar Məmmədov | batyyar@mail.ru
İki oyunluq eyforiyanın Belfast dərsindən nəticə çıxarmağa vaxt var
Final mərhələsi 2018-ci ildə Rusiyada keçiriləcək Dünya kubokunun Avropa seçmə zonasında Azərbaycan futbol möcüzəsi hələ ayaq açıb yeriməmiş yerini elə həmin avropalıların təəccübünə verib. Çünki formalaşmaqda, iştahı yeni açılmaqda olan komandanın birdən-birə bu qədər yolundan sapması mümkün deyil.
Avropalılar üçün Azərbaycan millisinin bu mərhələdə ilk dəfə qapısından qol buraxaraq məğlub olması deyil, onun Belfastda iflasa uğrayaraq, böyük hesablı məğlubiyyətlə barışmalı olması təəccüblüdür. Bu onlar üçün gözlənilməz olsa da, millimizin bərkinə-boşuna bələd olanlar üçün normal soyuq duş effektli, amma normal məntiqdir. Biz çaya su gəlməmiş çırmananları, hətta belələrini də selin yuyub aparmasını çox görmüşük. Komanda oyun ərzində ikinci hissənin ilk ondəqiqəliyindən sonrakı 10 dəqiqə ərzində təşkil etdiyi hücumlarla kifayətləndi; sonuncu şokedici qolu nəzərə almasaq, eyni tərzdə – ənənəvi şimal oyununun standart vəziyyətlərində həmişəki acizliyini nümayiş etdirərək məğlub oldu. Beləliklə, əvvəlki illərdəki kollektivlərə nəinki bənzədi, hətta onları kölgədə qoydu.
Ötən iki uğurlu oyundan sonra ehtiyatlı qeydlərimiz bu dəfə özünü tam doğrultdu. Komanda Norveç və Çex Respublikası komandaları ilə oyununun əsas qayəsinin doğruluğunu, ondan gözlədiklərimizi əyani nümayiş etdirdi. Halbuki, elə həmin oyunlar üçün onu da vurğulamışdıq ki, bu uğurlu oyunlar komanda üçün fürsəti layiqincə dəyərləndirmək baxımından mühüm şansdır və onu qaçırmaq olmaz.
Məblubiyyətin səbəblərini araşdırsaq, çox sözdən bəhs etməyə dəymir. Ənənəvi çatışmazlıqlar qalan məsələlərdə də özünü tam çılpaqlığı ilə büruzə verdi. Eyforiya kəlməsi matçda təpədən-dırnağa qədər bu komandanın hər bir üzvünün boyuna biçilmişdi. Əlbəttə, hər şey məşqçi korpusunun işinə məsuliyyətsiz yanaşmasından başlamışdı. Belə hazırlıqsız, qeyri-ciddi komandanı çoxdan idi izləməmişdim. Əlbəttə, son xətdəki iki mərkəz müdafiəçisinin, bir də bu vəziyyətlər üçün aciz olan qapıçını, yaxud Rahidin kimisə haradasa axtarmasını, Əfranın canfəşanlığını qeyd etmək istəyənə də əks-cavablar var. Nə kapitan, nə arxa xətt oyunçuları heç olmasa, oyunçuların ipini yığa bilmədilər. Bu oyunda hansısa oyunçunun ardıcıl dürüst taktiki, texniki, funksional oyununu görən oldumu? Sanki bir-birini ilk dəfə görən futbolçuları qəfil dəvətlə bir yerə yığıb meydana buraxmışdılar.
Rəqib lap əvvəldən standart vəziyyətlərdən, bu halda yan xətdən topu oyuna daxil edərkən planlaşdırdığı təhlükələrin təzyiqini artıraraq, tam üstünlüyünü təmin etdi və məsələni qısa zamanda həll etdi. Əlbəttə, ikinci hissənin əvvəlindəki vəziyyətin bərpa edilməsinin mümkünlüyünə yaranan ümidlər də tezliklə, ənənə üzrə, öz-özünə söndü. Çünki bu hücumlardan yalnız birini çıxmaq şərtilə qalanlarının nə məntiqi, nə də oyun sonluğu var idi. Tilsimlənmiş bu oyunda rəqib sükançı komandasının potensialı bir kənara, komandamızın zəif cəhətlərini o qədər dəqiqliklə ölçüb-biçmişdi ki, əvvəlki iki oyundan sonra özü-özünü tərifləyib şişirtmiş bir komandanı göylərdən yerə çırparaq qaytardı. Sadəcə, maraqlıdır, komandamız cəmi iki oyunda qazandığı – əslində, rəqiblərin süstlüyü şəraitində əldə etdiyi – 4 xalın təsirinə bu qədərmi güvənirdi ki, meydana hətta adi ciddiyyəti də qorumadan çıxmışdı? Axı üzünü yaxından görmədikləri nailiyyətlər, titullar bir kənara, ardıcıl uğurlu seriyaları, bir mərhələdə ümidverici nəticələri belə yoxdur. Mən hələ yalnız reklam çəkilişlərindən əldə olunan gəlirlərdən və s. qeyri-meydan məşhurluğundan söz açmıram. Çünki bu nəsil futbolçuların doğma azarkeşlər önündə heç 1990-cı, 2000-ci illərdəki futbolçuların nüfuzu qədər inamı, etibarı belə yoxdur, bəs nəyə güvənirlər?
Məşqçi korpusundan isə çox söz salmıram, axı, o, da Bertinin komandası kimi, hesabatsızlığa öyrəşməkdədir. Məsələn, ötən iki oyundakı çatışmazlıqlar barədə komanda ilə hansısa iş aparıldığını xəbər alsan, absurd eşidirlərmiş kimi, rəsmisindən məşqçisinə qədər hər kəsin, ən azı, təəccüblü qınağına səbəb olarsan. Yaxud məşqçinin heyətə əl gəzdirməsinin, meydanda oyun təcrübəsi olmayanlara yer verməsinin səbəbini də xəbər almağın yeri yoxdur. Çünki bu futbolçular elə klublardandırlar ki, millinin sükançısının bu qərarların təsir və təzyiqinə düşməyəcəklər. Onlar oyunla yerlərini möhkəmlətməli, ya da gəlib burada ulduzluq etməlidirlər. Bu araşdırmaları uzatmadan, bizə daha maraqlı olan son sualı yadda saxlayıb, qeyd edək ki, nə yaxşı, hələ böyük yolun başlanğıcıdır. Komanda üçün qarşıda az-çox qazanmağa başladığı nüfuzunu bərpa etməyə, etibarını qaytarmağa hələ imkanı var. Çünki hələ çexləri, britaniyalıları evdə qəbul edəcək. Norveç səfərinə də ümidlə çıxa biləcək. San Marinonu isə qeyd etmək istəmirəm. İndidən diqqəti, ağlı-kamalı yenidən cəmləmək üçün vaxt da var, şans da. Gözləyək, görək (“İdman”).