“Coca-Cola” ilk Avropa Oyunlarının 7-ci rəsmi tərəfdaş oldu

Bu gün Bakı-2015 “Coca-Cola” şirkətinin ilk Avropa Oyunlarının rəsmi tərəfdaşı olmasına dair müqaviləyə imza atıb. Allsport.az saytı xəbər verir ki, razılığa əsasən Bakı-2015-in brendi şirkətin bütün Azərbaycan ərazisindəki “Coca-Cola” və “Bonaqua” içkilərinin etiketləri üzərində əks olunacaq. Coca-Cola şirkəti, həmçinin, xüsusi olaraq Bakı 2015 Avropa Oyunları üçün məhdud sayda məhsulların qablaşdırılmasını həyata keçirəcək və oyunlarla bağlı məlumatlılığı artırmağa kömək edən kompleks marketinq kampaniyasına başlayacaqdır.

Gənclər və idman naziri və Bakı-2015-in Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib: “Mən “Coca-Cola” şirkətinin birinci Avropa Oyunlarının Rəsmi Tərəfdaşı olduğunu təsdiq etməkdən böyük məmnunluq hissi duyuram. Beynəlxalq aləmdə tanınması və mühüm beynəlxalq idman yarışlarına hər zaman dəstək olmasını nəzərə alaraq “Coca-Cola” brendini Bakı-2015 üçün mükəmməl tərəfdaş hesab edirik”.

“Coca-Cola” spirtsiz içkilərin istehsalı və yayımı üzrə dünyanın aparıcı şirkətidir. 200-dən çox ölkədə 500-dən artıq brend məhsul istehsal edən şirkət gündəlik olaraq 1.9 milyarddan çox içki satışa buraxır. Şirkətinin Türkiyə, Qafqaz və Mərkəzi Asiya regionu üzrə prezidenti xanım Qalya Frayman Molinas deyib: “Biz tezliklə beynəlxalq gündəmə ən mühüm idman yarışlarından biri kimi daxil olacaq birinci Avropa Oyunlarını dəstəkləyəcəyimiz üçün fəxr edirik. Avropanı idman bayramında və fəal həyat tərzi yaşamaqda bir araya gətirəcək yeni və innovativ idman yarışları olan Avropa Oyunlarına dəstək göstərmək gözəl imkandır və biz Bakı-2015 ilə əlaqələrimizi inkişaf etdirəcəyimizə ümid edirik”.

Olimpiya hərəkatını uzun müdddət dəstəkləməsi ilə tanınan Coca-Cola şirkəti ilk dəfə olaraq 1928-ci ildə Amsterdamda keçirilmiş və həmin vaxtdan etibarən daha sonrakı bütün Olimpiya Oyunlarına sponsorluq edib.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: ““Coca-Cola” şirkətinin mühüm çoxnövlü idman yarışları ilə əməkdaşlıq etməsi bağlanan müqaviləni Bakı 2015 Avropa Oyunları haqqında məlumatların yayılması baxımından mükəmməl fürsətə çevirir. Bütün Rəsmi Tərəfdaş və Dəstəkçilərimizin köməyi ilə biz bütün qitəni bu yay keçiriləcək tarixi idman bayramına cəlb edəcək və müstəsna yarışlar həyata keçirəcəyik.”

“Coca-Cola” şirkəti Azərbaycan Hava Yolları, BP, “Nar Mobile”, P&G, SOCAR və “Tissot”dan sonra Bakı-2015-in 7-ci rəsmi tərəfdaşına çevrildi. Dünyanın 200-dən artıq ölkəsində fəaliyyət göstərən və 1994-cü ildə Azərbaycanda spirtsiz içkilər zavodu açan şirkət ölkədə 2200-dən artıq şəxsi birbaşa və dolayı şəkildə işlə təmin edir.

Coca-Cola 2 Coca-Cola 3 IMG_4253

 

Həmin kateqoriyadan