FOTO
Dağlıların fəxri: tək uğurlu bayraqdar!

«İgidlik ondur, doqquzu qaçmaq» məsəlinin həqiqət tarixçəsinə rəğmən, milli kökə bağlı idman növlərimizin Azərbaycandakı ənənələrini və rolunu zərrə qədər də azalmayıb. Elə bu günün özündə hansı obaya, oymağa, kəndə ayaq qoysan, təfəkkürün, təlim-tərbiyə, mühit və sosial davranış həqiqətlərinin qoçaqlıq və igidlik ruhuna söykənən bahadırlıq üzərində qurulduğunu əyani hiss edə bilərsiniz. Kəndlərimizdə hər bir valideyn üçün övladının sağlamlığı, qəhrəmanlığı, cəmiyyətə faydalı yetişməsi pəhləvanlıq ruhu, bacarığı ilə ölçülür. Bu, minillərdən bəri torpağı şərqdən qərbə, cənubdan şimala və əksinə, qərbdən şərqə, şimaldan cənuba doğru axınların mərkəzində yerləşən Azərbaycan üçün milli özünüqoruma instinkti olub və belə də qalır. Demək, güləş idmanın inkişaf perspektivi həmişə olub və olacaq.

Əvəzolunmaz kapitan!

Müstəqillik qazandıqdan sonra ölkəmiz, yeni addımlar atan hər bir ölkə kimi, bir çox sahələrdə özünü tanıtmağa ehtiyac duyurdu. Sözsüz ki, bu mənada idmanın və onun tərənnümçülük xüsusiyyətlərinin rolu danılmazdır. Belədə, əsas diqqət güləşə çevrildi. Bütün idman növlərində olduğu kimi böyük nailiyyətlərin özünün də hər 4 ildən bir böyük sınaq meydanı – olimpiya oyunları var. Müasir dönəmdə mənim qəhrəmanım NamiqAbdullayevdir. Ona görə yox ki, qazandığı mükafatların əyarı və çəkisində hələ də öndədir (insafən, onda idmana olan hədsiz sevgi Azərbaycan üçün nadir xususiyyətdir), Sidney-2000-də olimpiya millimizin kapitanı olaraq yetişdiyi zirvəni sonradan nəinki fəth edən və ya yaxınlaşan olub, əksər halda bu fiasko ilə nəticələnib. Sanki Olimp allahları digər bayraqdarlarımızı ya Heraklın zəhərlənməsində, ya da Troya müsibətində Göytarın (Homerin «İliada»sında Hektor) ölümündə günahkar bilərək lənətləyiblər.

Нет описания.

Üstəlik, Sidneydə komandamız ikiqat məsuliyyət daşıyırdı. 1997-ci ildə milli olimpiya komitəsində keçirilmiş seçkidə İlham Əliyev prezident seçilmişdi. Tez bir zamanda aparılan islahatlar – tikilməyə başlayan idman qurğuları, federasiya rəhbərliyində dəyişikliklər, maddi-texniki bazanın yaxşılaşdırılması, ölkədən gedən idmançıların və mütəxəssislərin geri qaytarılması olimpiya hərəkatına vüsət vermişdi. Uzaq Avstraliyada qazanılacaq hər zəfər buna əlavə təkan verəcəkdi.
Səfərə nümayəndə heyətimiz sentyabrın 2-də çıxdı. İzdihamlı kütlə onları yola salmağa gəlmişdi. Qafqaz müsəlmanları ruhani idarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə idmançılarımıza xeyir-duasını verib, müqəddəs Quran kitabını komandanın kapitanı Namiq Abdullayevə təqdim etdi.

Gümüşü qızıla çevrilən bahadır

Atlantada müstəqil dövlətimizin ilk olimpiya medalını qazanmış bayraqdara ümidlər xüsusi idi. Ümumən, onun güləş üslubunda şirinlik, doğmalıq var. Namiq cəsarətli qərarlar verməkdən çəkinmədiyi kimi, güləşin fənd sarıdan kasadlaşdığı bir dövrdə ən gözlənilməz fəndləri uğurla yerinə yetirirdi. Bəlkə elə bu qətiyyətidir ki, hələ 1996-cı il oyunlarından Vətənə döndüyü vaxt ümummilli lider Heydər Əliyevin onun gümüşünü qızıla bərabər saymasını özünə şərəf bilib, qarşısına ən uca zirvəni fəth etmək məqsədi qoymağa şərait yaratdı.

Yolasalma mərasimində o, Azərbaycana qızılla dönəcəyinə söz vermişdi. Buna kim inanmırdı ki?! O, «sər-bəstlər»in 54 kq-da qrupda hər 2 rəqibi məğlub etdi. Yarımfinadla yunanıstanlı Əmiran Karntanov da onunla bacarmadı. Əslində, o, ötən səfər olimpiya zirvəsinə yetişməliydi. Lakin bolqarıstanlı İordanovla görüşündə hakim səhvləri onu daha 4 il gözləməyə məcbur etmişdi.
Budur, final! ABŞ pəhləvanı Səmüel Henson həm gənc, həm də çevik idi. Üstəlik, 1998-ci il dünya çempionatında Namiqə qalib gəlmişdi. Bu dəfə isə güləşimizin öz üstünlükləri vardı. Zala toplaşanların əksəriyyəti, təbii ki, amerikalını dəstəkləyirdi. Amma Namiq onları tezliklə susdurdu. 3000-dən artıq fəndin unudulduğu, güləşin standart fiziki və güc növünə çevrildiyi vaxtda Namiq onu sevdirən «şah əsəri» «xaç» fəndini işlətdi. 3 xal – final üçün əla başlanğıcdır! Ancaq Henson da bu həddə təsadüfən gəlib çıxmadığını sübut edərək hesabı bərabərləşdirdi. Hərçənd buna o, xeyli güc-qüvvə və vaxt sərf etdi.
Vəziyyət, əlbəttə, ürək çırpıntısını şiddətləndirən həddə gəlib çatmışdı. Bax, bu an əsl çempionun taktiki məharətini də gördük. Namiq müdafiə olunmaq ustalığı, rəqibə yanaşmaq üçün aman verməməsi, onu çarəsizlik tələskənliyinə salmamaqla istəyinə yetişdi. Onun çin olmuş arzusu Sidneydə 2-ci dəfə möhtəşəm himnimizi səsləndirdi.

İlk tanışlıq

Namiq Abdullayevlə ilk tanışlığım 2002-ci ildə, məşqlərin birində oldu. Ona qədər güləş üzrə ölkə çempionatında rastlaşmışdıq – o, artıq qəhrəman, daim diqqət mərkəzindəydi. Birdən gözüm Namiqə sataşdı. Onda çox gənc və mətbuatda yeniydim. Dərhal tanımadım, amma üzü tanış gəlirdi. Sonradan xatırladım ki, həmin olimpiya çempionumuzdur. Gözü məndəydi. Məni kimə oxşatdığını o dəqiqə anladım. Onunla yaxşı munasibət qurmuşdum. Heç vaxt müsahibəyə imtina etmirdi. Hərçənd onun çətin xasiyyətli olduğunu çoxu bilir. Afina-2004-də səssizlikdən sonra Namiqin idmandan gedişini anlayanlar yanıldılar. Geridönüşdə artıq 35 yaşı vardı.

Нет описания.

2006-cı ildə Moskvadakı Avropa çempionatında finala çıxdı, Quanjouda dünyanın ən güclülərinin yarışında Sidneydə yendiyi Hensonla fəxri kürsüdə yanaşı dayandı. Pekin olimpiadasına da yollanmaq istəyirdi. Onacan qızıl medallarını dəst etmək üçün Bakıda (2007) gözəl fürsət yaransa da, dünya çempionatının başlamasına günlər qalmış məşqlərdə sol əlini ciddi zədələdi. Düzdür, qardaşı Arifin 2003-cü ildə ABŞ-da eyni yarışda baş mükafata yetişməsini elə öz uğuru hesab etsə də, sözsüz ki, sırf özünkü ayrı ovqatdır. Pekin-2008-ə son fürsəti qazanmaq üçün o, paytaxtda keçirilən ənənəvi FİLA Qızıl qran-prisinin final mərhələsi qazanmalıydı. Tarixin ironiyasına bax, amansıq rəqabət həlledici görüşdə 2 dağlını üz-üzə qoydu. Rəqib həm adaşı, həm də ondan xeyli cavan idi. Bakı idman sarayı ağzınacan doluydu. Yeni nəsil Sevdimovu, yaşlılar Abdullayevi dəstəkləyirdi. Gərgin tutaşmanın hər 2 hissəsi sülhlə birsə də, püşkdə Namiq Sevdimovun üzü güldü.

Amma Namiq yenə dayanmadı. Mənim kimi az adam bilir, amma könlündən London-2012-yə də yollanmaq da keçirdi. İstəyi bir şeydi: desinlər, yer sənindir, o da öz proqramı ilə rahat hazırlaşsın.
Güləş federasiyasında birgə çalışdığımız dönəmdə yol yoldaşı da olduq. İnsanı səfərdə tanıyarlar. Aran və cənub bölgəsinə baxışda 4 gün bir otaqda qaldıq. Çox söhbət edib dərdləşdik. Qayıdanda Bilsuvarda məsciddə namaz qıldı. Onda mən hələ ibadətə başlamasam da, Namiq çoxdan hidayət yolunu tutmuşdu. Məbəddə oturan yerli sakinlər onu dərhal tanıdılar. İbadət zamanı onun görüntüyə alan da oldu. Məşhur bahadır barəsində çox yaza bilərəm, amma buna saatlar, günlər gərək. Yazının həcmi də buna imkan vermir. Halbuki eramızdan əvvəl 776-cı ilə başlayan olimpiya oyunları, eləcə də 20 il Azərbaycan güləşini təkbaşına çiyinlərində daşımış birisi tək kitaba belə sığmaz.

Нет описания.

Yanvarın 4-də Namiq Abdullayevin növbəti doğum günü idi. Bu dəfəki digərlərindən fəqrlənirdi: əvəzolunmaz güləşçi 100-ü yarılayırdı. Yubileyi “taclı bəla”nın dünyada tüğyan etdiyi bir dönəmə düşsə də, dogma federasiyası, iş yeri onu təbrik etməyə imkan tapdı. 50 yaşlı dağlı balası çox şeyə layiqdir. Xeyli mükafatları olmasına rəğmən,  bir o qədər də layiq görülsə, halaldır. Üstəlik, yubilyar yeni sınaq qarşısındadır. Zamanında baş məşqçilər ona dərs keçirdilər,indi o bu vəzifəni yerinə yetirir. 2021-ci il isə, olimpiada ilidir. Tokioda gözlər yenə ona dikiləcək. Bu dəfə idmançı kimi yox, məşqçi kimi.Əminəm ki, o, çətin sınağı uğurla adlayacaq. Həmişə olduğu kimi…

Kamran HACI

Həmin kateqoriyadan