Dost klublar: “Turan Tovuz”un “Hünər”li rəhbəri “Qarabağ”la birgə Almaniyaya yollandı

Sabah “Qarabağ” Avropa liqasının “H” qrupu çərçivəsində Almaniyada “Bayer-04” klubunun qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, bu gecə komandamız çarter reysi ilə matçın keçiriləcəyi Leverkuzen şəhərinə üz tutub. Eyni təyyarədə səfərə yollananlar arasında “Turan Tovuz”un idarə heyətinin sədri Ehtiram Quliyev də olub. Bu, sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Məsələ ondadır ki, adı çəkilən komandalar Azərbaycan premyer liqasında çıxış edirlər. Sabah oyunda qeydə alınacaq hər hansı şübhəli hesab müzakirəyə səbəb səbəb ola bilər. Necə ki, “Turan Tovuz”un ötən mövsümün sonunda evdə liderlər qrupunda yer alan “Neftçi”yə 4:0 qalib gəlməsi müəyyən söz-söhbətə yol açmışdı. Maraqlıdır, komanda həmin oyundan (may ayından) bu yana öz meydanında qalib gələ bilmir.

“Hünər Qrup”un təsisçisi (şirkət “Turan Tovuz”un baş himayədarıdır) futbolxeber.az-a açıqlamasında olayı adiləşdirib. Deyib ki, o, ilk növbədə Azərbaycan vətəndaşıdır: “Mənim “Qarabağ”la birgə səfərə yollanmağım sosial mediada müzakirəyə çevrilibsə, bu, xoş xəbərdir. Deməli, cəmiyyətimizdə futbola maraq artıb. “Qarabağ”ı səfərdə daha əvvəl də müşayiət etmişəm. Yəni bu, ilk belə hal deyil”.

Ehtiram Quliyev anlamalıdır ki, ölkə idmanında əksəriyyət onsuz da azərbaycanlılardan ibarətdir. Amma bu sahədə rəqabət və ədalət prinsipi var. Bunu pozmaq beynəlxalq və yerli qanunlara ziddir. Onda belə çıxır ki, Azərbaycan milli antidopinq agentliyi analizi müsbət çıxan azərbaycanlı futbolçuya göz yummalıdır ki, o özünküdür. Ehtiram Quliyev öncələr iş adamı olaraq çarterlə “Qarabağ”la eyni təyyarədə yer alırdısa, indi artıq “Turan Tovuz” klubunun rəhbəri kimi dost komanda ilə səfərə çıxır. Məlumdur ki, bu istək çox azərbaycanlıda var. Amma nədənsə qismət “Hünər Qrup”un təsisçisinə nəsib olur. Yeri gəlmişkən, qərb təmsilçisinin rəhbərliyində mərc oyunları ilə bağı olan şəxs yer alır. Üstəlik, ölkə çempionatının son matçında bu komandalar arasında hesab da dostcasına bitib – 2:2.

Bəllidir ki, bir zamanlar Peşəkar futbol liqasının keçmiş prezidenti Ramin Musayev “Qarabağ” klubuna simpatiyası bəsləməsi, müəyyən fikir mübadiləsinə səbəb olmuşdu.

Bu arada Türkiyənin məşhur aparıcısı Acun İlıcalı bazar ertəsi “Hünər Qrup”un qonağı olub. Şirkətə öncə şortda və yay ayaqqabısında daxil olan iş adamı, sonradan qiyafəsini dəyişərək qış rejiminə keçib.

Həmin kateqoriyadan