“Dünya çempionatlarındakı qol rekordum tezliklə yenilənəcək”

Dünya çempionatları tarixinin ən yaxşı bombardiri (16 qol) Miroslav Kloze ona məxsus rekordun yaxın gələcəkdə qırılacağını etiraf edib.

Allsport.az xəbər verir ki, “Bild” qəzetinə müsahibə verən 2014-cü ilin dünya çempionu bu uğura imza ata biləcək əsas namizədlərin adlarını açıqlayıb.

O, Lionel Messi (13 qol) və Kilyan Mbappenin (12 qol) onun göstəricisini üstələyəcəyinə inandığını bildirib: “Əminəm ki, dünya çempionatlarındakı qol rekordum tezliklə yenilənəcək. Bunu ya bu turnirdə Lionel Messi, ya da ən geci növbəti çempionatda Kilyan Mbappe edəcək”.

Veteran hücumçu müasir futbolçuların üstünlüklərinə də toxunub. O, karyerası ərzində Almaniya millisinin əsas penalti vuran oyunçusu olmadığını, Messi və Mbappenin isə bu funksiyanı yerinə yetirdikləri üçün daha böyük imkana sahib olduqlarını vurğulayıb.

2026-cı il dünya çempionatının başlamasına cəmi beş ay qalıb.

Həmin kateqoriyadan