- Baxış sayı: 242
- 02 Oktyabr 2024 15:15
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Kamran Hacı | kamran-haji@mail.ru
Elxan Məmmədovun «Neftçi» və «Sumqayıt»dakı kadrları bütün tədbirlərdə onun yanındadırlar
Bu yaxınlarda “Boulevard Hotel Bakı”da AFFA ilə adı çəkilən mehmanxana arasında sponsorluq müqaviləsinin imzalanması oldu. Tədbir xoş ovqatda keçdi. Mərasimə xeyli idman adamları qatılmışdı. Dəvətlilər sırasında millinin baş məşqçisi Robert Prosineçki də vardı. Baş məşqçi toplantıda çox qalmadı. Açıqlamasını verib getdi. Sözünü meydanda da tutdu: «ay-ulduzlular»ımız növbəti 2 oyun uduzmadı. Maşallah!
Toplantıda maraqlı məqamlar gözümdən qaçmadı. Yığıncağa dəvət olunanlar sırasında bir neçə klub rəsmisi də vardı. Diqqət çəkəni «Sumqayıt»ın prezidenti Kamran Quliyev və «Neftçi»nin vitse-prezidenti Elnur Məmmədov idi. Axı onlar AFFA-nın baş katibi Elxan Məmmədova yaxınlıqları ilə tanınırlar. Elə tədbirdə də yanında idilər. Belə götürəndə, bu futbol adamları zamanında «Boz ev»də çalışıb, sonradan sözü gedən klublara təyin olunublar.
Başqa bir diqqət çəkən məqam «Bakcell Arenada» keçirilmiş Azərbaycan – Xorvatiya matçından sonra oldu. Min bir üsul-fəndlə İspaniyadan milliyə cəlb olunan Eddi İsrafilovun yaxınlarını Kamran Quliyev müşayiət edirdi. Futbolçumuz soyunub-geyinmə otağından çıxana qədər qonaqlarla rus dilində söhbət edirdi. Çox maraqlıdır, «Eybar»ın hücumçusu ilə «Sumqayıt»ın prezidentinin nə alış-verişi? Axı, Eddi heç vaxt nə Sumqayıtın, nə də başqa bir Azərbaycan klubunda oynamayıb. Aydın məsələdir ki, baş katib yaxın adamına qonaqları tək buraxmamağı tapşırıb.
Futbol klubları müstəqil sayılırlar. Maraqlıdır, belə olan halda komanda rəsmilərin vaxtaşırı baş katibin yanında olmaları nə dərəcədə düzgündür? Əgər söhbət şəffaf futboldan, inkişafdan gedirsə. Sirr deyil ki, AFFA-da bir tük də Elxan Məmmədovdan icazəsiz, xəbərsiz yerə düşmür və o, nəinki «Neftçi» ilə «Sumqayıt», imkanı olsa, bütün Premyer liqa və Birinci divizion klublarına öz adamlarını yerləşdirə, onlara nəzarət edər. Bu arada gəzən söz-söhbətə görə, baş katib paytaxtda olan futbol meydançalarının ot örtüyünə qulluq məsələsi öz nəzarətinə götürmək istəyir. Əsas hədəfi isə, Gənclər və İdman Nazirliyinin balansındakı Tofiq Bəhramov və Bakı Olimpiya stadionlarıdır (bu məsələyə növbəti dəfə ətraflı toxunacağam).
Hə, birini qoyub keçim o birinə ki, bu biri o birinə örnək olsun. Yadımdadır, bir dəfə keçmiş FİFA referisi Əfqan Həmzəyev «Bakı»nın bazasında meydan sahibi qol vuranda, sevindiyinə görə qınanmışdı. Bəli, hakim bitərəf olmalıdır. Amma nə fayda, söhbət nəsə yetərincə qabardılmır, həmişə yarımçıq qalır. Hər 2 futbol rəsmisi də heç nə olmamış kimi tədbirlərdə daim Elxan Məmmədovun yanındadırlar. Bu da həmin qəbildən olan məsələdir. Lakin bilən bilir, bilməyənə də bilən öyrədir ki, futbolu normal olan ölkələrdə 1 nəfər 2 komandaya rəhbərlik edə bilməz və buna heç cəhd göstərməz də. Klub rəsmisi də hər adi tədbirdə assosiasiya rəhbərliyinin yanında olmamalıdır. Çünki bu, açıq-aşkar söz-söhbətə, müzakirəyə səbəb rəvac verir. Axırda da söhbət yığılıb olur bir dağ və günlərin bir yaxşı günü gurultu ilə dağılır. O zaman nə dost qalır nə də məzhəb. Elə həmin dostlar həmin daş parçalarını əllərinə alıb “qəbahətin böyükdür” deyib gözə soxurlar, guya qaş düzldirlərmiş kimi göz çıxarırlar, lap elə küt silahdan istifadə edib başa yarırlar. Hə, bunu elə belə xatırlatdım ki, xatircəm olsun.