- Baxış sayı: 101
- 20 Noyabr 2025 19:37
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Albaniyanın Dürres şəhərində keçirilmiş Avropa birinciliyində uğurla çıxış edən atletlərimiz vətənə qayıdıblar. Allsport.az xəbər verir ki, Heydər Əliyev beynəlxalq hava limanında komandamızı idman ictimaiyyətimizin üzvləri və media nümayəndələri qarşılayıblar. Təntənəli qarşılanma mərasimindən sonra Azərbaycan ağırlıqqaldırma federasiyasının vitse-prezidenti Firdovsi Umudov jurnalistlərin suallarını cavablandırıb:
“Həm Ravin Alməmmədov, həm də Tehran Məmmədov onlara bəslənən ümidləri doğrultdular. Bildiyiniz kimi Avropa birinciliyində gənclərin yarışında sonuncu dəfə 10 il əvvəl qızıl medal qazanmışdıq. Ravin bu uğuru təkrarlamaqla yanaşı, Avropa birinciliyinin rekordunu da müəyyənləşdirdi və bu federasiya olaraq doğru yolda olduğumuzun göstəricisidir. Yarış zamanı Ermənistan idmançısının fəxri kürsüdəki davranışlarına gəlincə, bununla bağlı suallara da aydınlıq gətirmək istərdim.
Əvvəla onu bildirim ki, biz hər zaman idmançılarımıza, xüsusən də gənclərə hər hansı təxribat xarakterli davranışlara uymamağı aşılayırıq. Erməni atletin mükafatlandırma mərasimində idmançı etikasına zidd hərəkətinin müqabilində biz soyuqqanlı davranış nümayiş etdirdik. Mükafatlandırma mərasimi bitən kimi yarışın təşkilat komitəsinə narazılığımızı bildirdik. Ədalət naminə deməliyik ki, mərasimdən sonra Ermənistan ağırlıqqaldırma federasiyası rəhbərlik səviyyəsində bizi təbrik etdi və baş vermiş hadisəyə görə üzrxahlığını ifadə etdi.
Bununla belə, dövlət və onun rəmzlərinə münasibətdə səhv davranışa güzəşt edə bilmərik. Tərəfimizdən Avropa ağırlıqqaldırma federasiyasının rəhbərliyi və yarışın müvafiq komitəsinə baş vermiş hadisə ilə bağlı narazılığımızı əvvəlcə şifahi, sonra yazılı formada bildirdik. Azərbaycan ağırlıqqaldırma federasiyasının prezidenti Kamran Nəbizadə məsələyə dərhal reaksiya verdi və Avropa ağırlıqqaldırma federasiyası rəhbərliyinə rəsmi məktub ünvanlandı.
İnanırıq ki, bu məsələyə münasibətdə ən ədalətli qərar veriləcək və oxşar hallar təkrarlanmayacaq. Bir daha qeyd etmək istəyirəm ki, bizim təmsil olunduğumuz heç bir yarışda Azərbaycanın adına, Dövlət rəmzlərinə xələl gətirilə bilməz. Azərbaycan və Ermənistan arasındakı bütün suallara 5 il öncə aydınlıq gəldi və biz indi sülhə doğru addımlayırıq. Fürsətdən istifadə edib qarşıdan gələn Zəfər Günü münasibətilə xalqımızı təbrik edirəm. Qoy bayrağımız hər zaman ucalarda dalğalansın”.