- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Ənənə davam edir… 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi martın 24-də Portuqaliyanın qonağı oldu. Oyun pandemiya səbəbindən İtaliyada – Turində keçirildi.
Hesabdan xəbəriniz var. Komandamız Ronaldolu Portuqaliya millisinə gözlənildiyinin əksinə olaraq böyük deyil, minimal – 0:1 hesabı ilə məğlub oldu. “Yaxşı oynadıq”, “Maksim Medvedevin avtoqolu olmasaydı, xal qazana bilərdik” və bu tip pozitiv fikirdə olanların nəzərinə – oyun ərzində futbolçularımız rəqib qapısına 1 dəqiq zərbə belə endirə bilmədilər. Portuqaliyalılar isə 14 dəfə çərçivəyə düşdülər. Bəxtimiz onda gətirdi ki, qapıda Şahruddin Məhəmmədəliyev dayanmışdı.
Bakıda Serbiya ilə oyunda da oxşar mənzərə idi. Məğlubiyyət də qaçılmazıydı. Səbəbsə sadədir. Millimiz hazırkı durumu ilə nəinki top-millilərlə, heç ortabab yığmalarla da başabaş mübarizə aparmaq gücündə deyil. Qətərlə yoxlama oyunu buna əyani sübutdur. Oyun bir yana, statistik göstəricilərə fikir versək, millimizin hansı gücdə olduğunun şahidi olarıq. Qısası, ənənə davam edir. İllər, qazanılan nəticələr, reytinq cədvəli və s. böyük pullar və milliləşdirilmiş futbolçular hesabına millini ağ günə çıxarmaq istəyən AFFA-nın səhv yolda olduğunu sübut edir.
Milliləşdirilmiş futbolçulardan söz düşmüşkən, Portuqaliya ilə oyunda yığmamızın heyətində o cür oyunçuların sayı 7 idi. Dünya futbolu praktikasında bu, normal haldı. Məsələn, 2018-ci ildə dünya çempionu olan Fransa yığmasının heyətində əsl fransızlar barmaqla sayılacaq qədər idi. Fərq bundadır ki, qeyri-fransızların hamısı milliləşdirilmiş deyil, Fransa futbolunun yetirmələridir. Bizdə isə milliləşdirilən futbolçuların demək olar ki, heç biri Azərbaycanda yetişməyib. Ya əslən azərbaycanlı olduqlarına görə, ya da soyadlarının münasibliyinə görə mili komandaya cəlb ediliblər. Elə futbolçulardan biri də məhz Portuqaliya ilə oyunda millidə rəsmi debüt etdi və dərhal gündəmə gəldi.
Söhbət “Sabah”ın futbolçusu Aleksey İsayevdən gedir. Alekseyin soyadı sizi yanıltmasın, Azərbaycanla heç bir əlaqəsi yoxdur. Bu məntiqlə yanaşsaq, Rusiyada geniş yayılmış Babayev soyadlı futbolçuların hamısını milliləşdirmək, hətta “Baharın 17 anı”ndan yaxşı tanıdığımız Ştirlisin azərbaycanlı olduğunu da iddia etmək olar. Axı, əsərin müəllifi Yulian Semyonova görə, Ştirlisin də soyadı İsayev idi – Maksim İsayev. Alekseyə qayıdaq. Atası rusdur – Aleksandr. 1995-ci ildə Krasnoyarsk şəhərində anadan olub. 19 yaşında “Zenit”lə 3 illik müqavilə bağlayan İsayev millimizin seleksionerlərinin diqqətini çəkib. Nikola Yurçeviçin vaxtında milliləşdirilib, amma xorvatiyalı mütəxəssisin onu oynatmadığına görə acıq edərək Rusiyaya qayıdıb. Sonrası məlumdur. Klubsuz qalan futbolçu “Sumqayıt”a dəvət alıb, zədə səbəbindən bir müddət oynamadığı üçün millidən də kənarda qalıb.
Ötən il “Sabah”a keçən yarımmüdafiəçi Portuqaliya ilə oyunda axır ki milli formada ilk oyununa çıxdı. İsayevdən niyə yazdıq? Futbolçu oyundan bir gün sonra futbol ictimaiyyətinin diqqət mərkəzinə düşdü. Meydanda olduğu 10 dəqiqəyə yaxın vaxtda sərgilədiyi futbolla deyil, oyunsonrası sosial şəbəkədə paylaşdığı postla. Erik Avetyan adlı erməninin İnstaqramda Alekseyin şəninə “Qardaşım, debütün mübarək! Hər şey irəlidədir!” postuna İsayevin eyni sevgi ilə “Təşəkkür edirəm, qardaşım” deyə, qarşılıq verməsi böyük narazılığa səbəb oldu.
Müharibədən yeni çıxmış, şəhidlər vermiş bir ölkənin pasportunu daşıyan birisinin bu hərəkətinə ad verməkdə çətinlik çəkirik. Sosial şəbəkədə, azarkeşlər arasında İsayev qınandı, hətta təhqir də olundu. Doğrudur, az sonra futbolçu səhvini anlayaraq postu silsə də, artıq, gec idi. Bunu millimizin baş məşqçisi Canni De Byazi də Serbiya ilə oyundan sonra keçirilən mətbuat konfransında da dilə gətirdi: “Aleksey İsayev etdiyi hərəkətə görə çox peşman olub. Bir səhvə görə onu öldürmək olmaz”. Razıyıq, uşaqlıq edib, qanmayıb. Amma belə səhvlərə görə valideyn gərək uşağa bir qulaqburması verə. Qulaqburması, cəza əvəzinə İsayev Qətərlə oyunda start heyətində yer aldı. Sanki heç nə olmamış kimi.
Bir vaxtlar millimizin kapitanı olmuş Mahir Şükürovun mətbuatda gedən fikirlərinə yer verək: “Ermənidən qardaş olar? Belə şey qəbuledilməzdi. Mənim dövrümdə olsa, etiraz edərdim. AFFA milliləşdirdiyi futbolçulara nəzarət etməlidi”. Mahir tamamilə haqlıdır. Əgər futbolçu milliləşdirilibsə, ona milli dəyərlər aşılanmalıdı. Futbolçu isə hansı dövlətin vətəndaşı olduğunun fərqinə varmalıdır. Aleksey İsayev millimizin futbolçusudur, Azərbaycan pasportunu daşıyır. Buna görə məsuliyyət hiss etməlidir. Əgər məsuliyyətsizlik edirsə, mütləq cəzalanmalıdır.
Valideynin, yəni AFFA-nın futbolçunu cəzalandırmaması isə sadəcə, təəssüf və təəccüb doğurur. Bu sözlər İsayevin məxsus olduğu “Sabah” klubuna da aiddi. Yeri gəlmişkən, İsayevin adı Serbiya ilə oyunda da “23-lüy”ə salınmışdı. Kənarda qalanlar isə… heç nə ilə İsayevdən zəif olmayan Namiq Ələsgərov, Amil Yunanov, Amin Seydiyev, Bəhlul Mustafazadə, Rəhim Sadıxov, Tellur Mütəllimov və Xəyal Nəcəfov idi. Bu isə başqa mövzunun söhbətidi…
Millimizin Qətərdəki mundiala getməyəcəyi dəqiqdi. Millətlər Liqasında real gücünü gördüyümüz komandamız dünya çempionatının seçmə mərhələsində iştirak xatirinə iştirak edir. Bunu hamı yaxşı bilir – AFFA rəhbərliyi də, azarkeşlər də, futbolçular da. Milliləşdirilmiş futbolçuların köməyi ilə hansısa oyunda nəticə qazanmaq olar. Amma böyük uğurlar üçün böyük işlər görülməlidir. Bu gün Azərbaycanda futbolun hansı durumda olduğu hamıya məlumdur. Premyer Liqanın səviyyəsi, akademiyalardakı bərbad durum, komanda sayının az olması və s. futbolçu yetişməsinə əngəl olur. Nə qədər ki, futbolumuzda əsaslı islahatlar olmayacaq, özümüz futbolçu yetişdirməyəcəyik, mənzərə dəyişməyəcək. Miskin milli, milliləşdirilmiş futbolçular, İsayevkimilərin uşaq səhvləri. Bir sözlə, ənənə davam edəcək…
İlqar Tağıyev