- Baxış sayı: 93
- 03 Dekabr 2025 19:49
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Maks Ferstappen Bakı şəhər trasında möhtəşəm çıxış edərək Formula-1 üzrə Azərbaycan qran prisinin qalibi oldu.
Allsport.az xəbər verir ki, bu, niderlandlı pilotun Bakıdakı ikinci qələbəsi kimi tarixə düşdü.
“Red Bull Rasing” komandasının pilotu poul mövqeyindən start götürdükdən sonra 51 dövrənin hamısına liderlik edərək finiş xəttini “Mersedes”in sürücüsü Corc Rasselldən 14 saniyədən çox fərqlə birinci keçdi. “Uilyams” komandasının pilotu Karlos Sayns isə üçüncü yeri tutaraq yeni komandası ilə ilk podiumunu qazandı.
Dördüncü yeri gənc “Mersedes” sürücüsü Kimi Antonelli tutdu. “Rasing Bulls” pilotu Liam Louson isə karyerasının ən yaxşı nəticəsini göstərərək beşinci oldu. Maksın komanda yoldaşı Yuki Tsunoda isə altıncı pillədə qərarlaşaraq “Red Bull Rasing” üçün mövsümün ən yaxşı nəticələrindən birini təmin etdi.
“Maklaren” sürücüsü Lando Norris yeddinci yerdə finiş xəttini keçdi və yarışın ilk dövrəsində qəza edərək mübarizədən kənar qalan komanda yoldaşı çempionatın lideri Oskar Piastri ilə xal fərqini 25-ə endirməyi bacardı. Eyni zamanda, Piastrinin ardıcıl 42 yarışlıq xal qazanmaq seriyası da Bakıda qırıldı.
“Ferrari”nin pilotları Lüis Həmilton və Şarl Lekler növbəti yerləri tutdular – bununla da “Maklaren” komandasına Bakıda mühəndislər kubokunu qazanmağa imkan vermədilər. İlk onluğu isə “Rasing Bulls” komandasından Ayzek Həcər tamamladı.
Mükafatları Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan avtomobil federasiyasının prezidenti Anar Ələkbərov və Bakı şəhər halqası əməliyyat şirkətinin baş direktoru Maqsud Fərzullayev təqdim ediblər.
Bakı yarışından sonra Oskar Piastrinin çempionatda liderliyi davam edir – 324 xal, onun komanda yoldaşı Lando Norris isə ikincidir – 299 xal. Maks Ferstappen isə paytaxtımızdakı qələbə ilə qarşıdakı sürücülərlə fərqi bir xeyli azaltdı – 255 xal.