FHN səmti müəyyən etmə üzrə yarış keçirib

Fövqəladə hallar nazirliyinin qurumları arasında Qəbələ rayonunun meşə zolağında səmti müəyyən etmə üzrə çempionata yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın bağlanışında FHN-in idman-sağlamlıq mərkəzinin rəisi Füzuli Musayev, FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov çıxış edərək, ölkəmizdə keçirilən və böyük marağa səbəb olan bu yarışın əhəmiyyətindən, idmanın inkişafı istiqamətində görülən işlərdən, FHN əməkdaşlarının uğurlarından danışıbar.

Qeyd olunub ki, FHN-in qurumları arasında keçirilən səmti müəyyən etmə idman növü üzrə çempionatda nazirliyin müxtəlif qurumlarını təmsil edən 21 komandanın tərkibində 100-ə yaxın idmançı iştirak edib. İki gün davam edən yarışın final mərhələsində nazirliyin qurumlarının əməkdaşları komanda və şəxsi birincilik üzrə öz bacarıqlarını nümayiş etdirib.
Yarışda FHN-in tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin komandası 1-ci, mülki müdafiə qoşunlarının komandası 2-ci, xüsusi riskli xilasetmə xidmətinin komandası 3-cü yeri tutub.

Qızlar arasında şəxsi yarışlarda tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin əməkdaşı Sevda Verdiyeva 1-ci, xüsusi riskli xilasetmə xidmətinin əməkdaşı Fərqanə Saxrayeva 2-ci olublar. Kişilərin yarışında kiçik həcmli gəmilərə nəzart və sularda xilasetmə dövlət xidmətinin əməkdaşı Mirzə Hüseynzadə 1-ci, Qarabağ regional mərkəzinin əməkdaşı Aqil Məmədov 2-ci, cənub regional mərkəzinin əməkdaşı Abasət Babayev 3-cü pilləyə çıxıblarb.

Sonda qaliblərə kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Həmin kateqoriyadan