Fransa mətbuatı Bakı-2015-dən yazır

Son günlər Fransanın nüfuzlu mətbu orqanlarında “Bakı-2015” birinci Avropa Oyunlarından bəhs edən materiallara vaxtaşırı yer verilir. Allsport.az xəbər verir ki, Parisdə gündəlik nəşr olunan “Le Parisien” və “La Croix” qəzetlərində Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına hazırlığın gedişindən bəhs edən məqalələrdə Xəzər dənizi sahilində yerləşən və nəhəng enerji ehtiyatlarına malik Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının açılışına 100 gün qaldığı xatırlanıb.

Oyunlar üçün nəzərdə tutulan 65 min yerlik yeni stadionun artıq istifadəyə verildiyini diqqətə çatdıran “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin baş direktoru Saymon Klerr bu idman qurğusunu Avropada analoqu olmayan stadion kimi təqdim edib. Stadionun orijinal üslubda tikildiyini və müasir texniki avadanlıqla təchiz olunduğunu xüsusi vurğulayıb. O, hazırda stadionda yaşıl örtüklə və avtobus dayanacaqları ilə bağlı tamamla işlərinin aparıldığını bildirib.

Baş direktor görülən işlər sayəsində Avropa Oyunlarının yüksək səviyyədə və müvəffəqiyyətlə keçəcəyinə böyük inam bəslədiyini bəyan edib.

Məqalələrdə Avropa Oyunlarının Əməliyyat Komitəsinin kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Marinin Azərbaycan və Oyunların Bakıda keçirilməsinə dair fikirlərinə də yer verilib.

Neft və qaz kimi yeraltı sərvətlərlə zəngin olan Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdiyini xatırladan direktor ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətlə inkişaf etdiyini, sağlamlıq rəhni olan idmanın inkişafına xüsusi qayğı və diqqət göstərildiyini bildirib.

Məqalənin sonunda baş direktor Saymon Klerr qeyd edir ki, Azərbaycanın idmanı sevən və onun gələcəyini yaxşı başa düşən, siyasi məqsədlərə nail olmaq üçün idmandan necə istifadə etməyi bacaran Prezidenti var. Məhz Prezident İlham Əliyevin idmanın inkişafına qayğısı sayəsində Azərbaycanda mühüm və yaddaqalan beynəlxalq yarışların keçirilməsi artıq ənənə halını alıb. “Bakı-2015” birinci Avropa Oyunları da bu ənənənin parlaq bir səhifəsi olacaq.

Həmin kateqoriyadan