Fransanın “Le Parisien” qəzeti yenə Bakı-2015-dən yazdı

“Bakı-2015” ilk Avropa Oyunları Fransanın kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Allsport.az xəbər verir ki, ölkənin gündəlik nəşr olunan nüfuzlu “Le Parisien” qəzetində ilk Avropa Oyunlarına hazırlıqdan bəhs edən növbəti məqalə dərc olunub.

Müxbir Erik Bernudonun müəllifi olduğu “Azərbaycan: Bakının Olimpiya arzusu” sərlövhəli məqalədə ilk Avropa Oyunlarının martın 4-də Romada keçirilən təqdimat mərasimində Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkinin “Bakı-2015” ilə haqqında söylədiyi fikirlərə yer verilir: “Avropa Oyunlarının Azərbaycanda keçirilməsi heç də təsadüfü deyil. Bir çox beynəlxalq idman yarışlarının keçirildiyi ölkədə bu sahədə zəngin təcrübə qazanılıb. Digər tərəfdən isə Azərbaycanda hökm sürən sabitlik, ölkənin yeraltı sərvətlərlə zənginliyi, iqtisadiyyatın sürətli inkişafı və idmana göstərilən diqqət və qayğı ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsini dəstəkləyən amillər olub”.

Məqalədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxın ilk Avropa Oyunlarına hazırlaşan Bakının gələcəkdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün iddialı ola bilməsi ilə bağlı fikirləri xüsusilə diqqətə çatdırılır: “İlk Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq, dünya miqyaslı mötəbər tədbirlərin təşkilində mühüm təcrübənin əldə edilməsi, bu sahədə zəruri infrastruktura malik olması Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinə şərait yaradır”.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun “Məqsədimiz Avropanı beynəlxalq oyunlar məkanına çevirməkdir” fikrinin əks olunduğu məqalədə bildirilir ki, ilk Avropa Oyunları Azərbaycanın beynəlxalq idman tədbirlərini yüksək səviyyədə keçirmək imkanlarını bir daha dünyaya nümayiş etdirəcək.

Yazıda Avropa Oyunlarında 6 mindən çox atletin idmanın 20 növü üzrə qüvvələrini sınayacaqları, idmançılar üçün nəzərdə tutulan Atletlər kəndində hər cür şəraitin yaradıldığı vurğulanıb. Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi 69 min tamaşaçı tutumuna malik milli stadionun inşasının başa çatmaqda olduğu, beynəlxalq aləmdə mühüm tədbirlə bağlı hazırlıq işlərinə 1700 nəfərin cəlb edildiyi, idman yarışlarını çoxlu sayda jurnalistin işıqlandıracağı haqda məlumatlar da məqalədə xüsusi qeyd olunub.

Xəzərin sahilində yerləşən, zəngin yeraltı sərvətlərlə zəngin olan ölkədə Prezident İlham Əliyevin idmanın inkişafına yüksək diqqət və qayğı göstərdiyi, ilk Avropa Oyunlarının 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazandırma imkanı baxımından əhəmiyyəti qeyd olunur.

Məqalədə, həmçinin Azərbaycanın Londonda keçirilən Yay Olimpiya Oyunlarında göstərdiyi nəticələrdən də ətraflı bəhs olunub. Komandamızın bu yarışlarda qazandığı 10 medaldan 7-nin güləş yarışlarında əldə edildiyi, Azərbaycanın Avropa ölkələri arasında 15-ci, ümum sıralamada isə 30-cu yeri tutduğu xüsusi vurğulanıb.

Yazının sonunda Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların ölkəmizin 2016-cı ildə “Formula-1” üzrə Qran-pri yarışlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa ev sahibliyi etməsinə imkan verdiyi diqqətə çatdırılıb.

Həmin kateqoriyadan