- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Futbol veteranları – Mahir Şükürov, Kənan Kərimov və Emin Quliyev Portuqaliya, Qətər və Serbiyaya uduzan Azərbaycan millisinin oyunları barədə danışıblar. Allsport.az-a açıqlama verən veteranlar millinin zəif çıxışında AFFA-nı günahlandırıblar:
Mahir Şükürov: “Millimiz çox pis oynadı. Başa düşürük, Portuqaliya güclü rəqibdir, amma Serbiyadan Bakıda xal almaq olardı. Qətərlə oyunda da yığma zəif təsir bağışladı. Bu da baş məşqçi və AFFA-nın vitse-prezidenti Elxan Məmmədovun günahıdır. Millimiz bu oyunlarda çox dişsiz idi.
Bəzi mütəxəssislər bildirir ki, Belarus Belçikadan, Moldova Danimarkadan 8 top buraxıb və bizim minimal hesabla uduzmağımız normaldır. Birincisi onlar 6-7 müdafiəçi ilə oyuna çıxıb uduzmayıblar. İkincisi bizə ayrılan maliyyə daha çoxdur. Üçüncüsü də onlar öz yerli uşaqları ilə uduzublar, bizdəki kimi milliləşən futbolçuları bol deyil. Bunu bizə təsəlli kimi qəbul etdirmək istəyirlər. Elxan Məmmədov tapşırır, onlar da çıxıb belə danışırlar. Bizim federasiyada olan maliyyə Belarus və Moldovada yoxdur. 14 ildir Elxan Məmmədov AFFA-da çalışır və bu müddətdə federasiyaya 3 milyard manat ayrılsa da, nəticə yoxdur.
Şimali Makedoniya səfərdə Almaniyanı məğlub etdi. Ermənistan 3 oyuna 9 xal topladı. Gürcüstan yerli uşaqları ilə möhtəşəm oyun nümayiş etdirir. Bilirsiz, AFFA camaatın başını aldatmaq istəyir. Futbolu bilən adamlar bunlara inanmır. Çünki bilirlər ki, bu adamlar işləri getsin deyə, min bəhanə uydururlar. Canni De Byazini milliyə gətirmək nəyə lazımdır? De Byazidənsə, elə Elxan Məmmədov komandanı oyunlara çıxarardı və deyərdi ki, bu oyunu Azərbaycana görə, mənə görə udun və mükafatınızı verim. Bəlkə də futbolçular bundan daha yaxşı oyanayrdılar, can qoyardılar.
Bu oyunla millimiz qrupda son yeri tutacaq. Lüksemburqun oyununa baxdım. Hamı qrupda bizə 3 xal gözü ilə baxır. Bunun səbəkarı Elxan Məmmədov və onun ətrafıdır. Nə qədər ki o və ətrafı federasiyadadır, bizdə futbol olmayacaq. Əli Qurbaninin 31 yaşı var. O, bundan sonra milliyə nə fayda verəcək? Əli “Sumqayıt”da oynayır, gözəl başa düşürük. Bu işdə “Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyevlə Elxan Məmmədovun əli var. Federasiyada ciddi dəyişikliklər olmalıdır. Elxan Məmmədov başda olmaqla, onun bütün kadrları, Məşqçilər Şurası dərhal federasiyadan göndərilməlidir. Ora yeni nəsil gəlməlidir. Federasiyada bizim nəsil çalışmalıdır.
U-21 millisinə serbiyalı Milan Obradoviçi gətiriblər. O da hər gün bir bəhanə səsləndirir. Bizdən qorxurlar. Çünki biz gəlsək, nəticə verərik və sonra görərlər ki, çox irəli gedirik və yerlərini itirə bilərlər. Ona görə də bizi istəmirlər. AFFA kökündən dəyişməlidir. Federasiyaya futbolu bilən adam rəhbərlik etməlidir və bizi ətrafına yığıb, ciddi işlər görməlidir. Biz pul istəmirik, sadəcə xalqımıza, Azərbaycan futboluna xidmət etmək istəyirik. Yaxşı ki, bu vaxta kimi Elxan Məmmədovdan pul istəməmişik. Bəli, ondan iş istəmişik ki, yeni nəsilə futbol biliyimizi öyrədək. Elxan Məmmədov yadından çıxartmasın ki, mənə 1 saat ərzində 40 dəfə yığıb xahiş edirdi ki, milliyə gəl. Yığmada mənimlə oynayan bütün futbolçular şahiddir. İndi də həmin insanlarıq da. Deyirdi ki, bizə görə bu oyunda nəticə qazanın”.
Kənan Kərimov: “Bu oyunlarda yığmamızın xal qazanacağı inandırıcı deyildi. Hər üç matçda uduzacağımız gözlənilən idi və belə də oldu. Millimiz düz-əməlli hücum da qura bilmir, qol vəziyyəti yaratmağı bacarmır. Vətən müharibəsində darmadağın etdiyimiz Ermənistanın nəticələrinə baxıb utanmalıyıq. Elə digər qonşu Gürcüstanın oyunu da nümənədir. Biz heç-heçə də edə bilmədik bu oyunlarda.
Hər kəsin şəxi fikri var və hörmətlə yanaşıram. Amma bu oyunlarda minimal hesabla uduzmağımıza kimsə sevinirsə, o zaman ölkədə futbol ləğv edilsin. Hansı inkişafdan danışaq? Gürcüstan və Ermənistan böyük komadalara meydan oxuyacaq, biz də minimal hesabla uduzmağı normal qəbul edəcəyik? Bu, qəbuledilməzdir. Bu oyunla qrup sonuncusu olacağıq. Elə bilirsiz Lüksemburq asan rəqibdir? Xeyr, belə deyil. Onlar yenə bizə başağrı olacaqlar. Mən əvvəlcə də bildirmişdim ki, Canni De Byazinin yığmaya gətirilməsi səhv addımdır. Yeni gələn baş məşqçilər çoxlu vədlər verirlər. De Byazinin də seçimlərinə qarışırlar. Buna görə də ona olan inamım itib. Öz məşqçilərimiz yığmanı çalışdırsa, daha yaxşı olar. Günah onu bura gətirənlərdə və qərar verən insanlardadır. Federasiyada köklü dəyişiklik olmalıdır”.
Emin Quliyev: “Millimiz normal oyun nümayiş etdirə bilmədi. Müdafiə futbolu oynadıq. Yığmamız qarşılaşmalara 6-7 müdafiəçi ilə çıxdı. Nə vaxta qədər minimal hesablı məğlubiyyətlərlə təsəlli tapacağıq? Serbiya ilə oyunda hesabı bərabərləşdirəndən sonra niyə qoruya bilmədilər? Heç olmasa vuruşmaq lazım idi bu oyunda. Komanda hücuma çıxa bilmirdi. Qrupumuzda Lüksemburq yaxşı komandadır. Elə görünür ki, qrupda sonuncu yerdə biz olacağıq. Nə qədər ki, futbol adamları bir yerə yığışmır, belə də olacaq. Futbolda idarəçi kimi kənar adamlar çoxdur. Futboldan anlayanları işə cəlb etmək lazımdır. Bu gün Gürcüstan millisi öz oyunu ilə diqqət mərkəzindədir. Orada veteran futbolçular federasiyada çalışır. Bizdə isə belə deyil” (Sportal.az).