- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bir sıra məqamlarla bağlı fikirlərini açıqlayıb:
“İlk dəfədir bir yerdəyik. 2 gündür məşqlərə başlamışıq. Şərait yaxşıdır. Komandadan razıyam. Oyunçularda motivasiya çox yüksəkdir.
Birinci məşq bərpa prosesi idi. İkinci məşqdə fiziki yükləmələr oldu. Futbolçular istəyimi tam yerinə yetirdilər. Bu onu göstərdi ki, potensialları var. Vaxtımız azdır, amma Malta yığması ilə oyun ərəfəsində də hazırlıq keçəcəyik.
İstəyirəm ki, komandam hücum futbolu oynasın. Amma müdafiəyə də fikir verməliyik.
Oyunçularla fərdi söhbət etmişəm. Komanda ilə birgə də danışmışam. Səmimi insanam, sizə də olanları deyirəm, özümdən heç nə uydurmuram. Futbolçulara demişəm ki, kimin millidə nə qədər oynamasının mənim üçün fərqi yoxdur. Mənim üçün vacibdir ki, futbolçu sistemimə uyğun, formada olsun. Məşqçi kimi əlimdən gələni edəcəyəm ki, futbolçular özlərinə inansınlar. Çalışacağam ki, Azərbaycan millisi qısa zamanda gözəl futbol oynasın. Ən azından, Bakıya gələnlər hiss etsinlər ki, yaxşı komandaya qarşı oynayırlar. Azərbaycanlı futbolçularda bu potensial var.
Futbolçularda qalib ruhu formalaşdırmaq istəyirəm. Bu, o demək deyil ki, 8 futbolçu ilə irəli gedəcəyik. Futbolda müdafiə də çox vacibdir. Amma baxımlı, gözəl oyun göstərməliyik. Hər bir futbolçu bilməlidir ki, o, öz vətəni üçün oynayır. Görsəm ki, hansısa futbolçu əlindən gələni etmir, onu bir daha millidə görməyəcəksiniz.
Nəyə görə Anton Krivotsçuku milliyə çağırmışam? Azərbaycanda yaxşı sol cinah müdafiəçisi yoxdur. Bu problem çoxdan var. Mən yanvarda onu Antalyada izləmişəm. Antonu biz Malta ilə qarşılaşmada oynatmayacağıq. Amma gələcəkdə onu millidə görürəm. 17 yaşı var. Toplanışa dəvət etmişəm ki, əsas millidəki atmosferi, ab-havanı canlı yaşasın. Gənc oyunçularla bağlı bu təcrübəni gələcəkdə də davam etdirəcəyəm.
Avropa ölkələrinin çempionatları ilə müqayisə edəndə Azərbaycan çempionatının səviyyəsi aşağıdır, sürət azdır. Amma azərbaycanlı futbolçularda keyfiyyət görürəm. Ardıcıl 4 məğlubiyyətdən sonra futbolçuya özünəinamı qaytarmaq asan iş deyil. Xüsusilə 0:6 hesablı məğlubiyyət qeydə alınıbsa. Əlimizdən gələni edəcəyik ki, İtaliya və Xorvatiya yığmaları kimi komandalar Bakıya gələndə ehtiyat etsinlər. Demirəm ki, onları məğlub edəcəyik. Amma ən azından Bakıya gələndə çətin səfərə çıxdıqlarını desinlər”.