Gəncə-Daşkəsəndə voleybolun təşviqi, infrastrukturun qurulması müzakirə edilib

“Azerqold” QSC-nin və baş himayəçisi olduğu “Gəncə” voleybol klubunun rəhbərliyi arasında görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, səhmdar cəmiyyətinin idarə heyətinin sədri Zakir İbrahimov əvvəlcə “sarı-göylər”in Azərbaycan yüksək liqasının 3-cü turunda qazandığı qələbə münasibətilə təbrik edərək, komandaya növbəti oyunlarda da uğurlar arzu edib.

O, ölkəmizdə müxtəlif idman növlərinin inkişafı istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlərə əlavə töhfə vermək məqsədilə “Azerqold”un korporativ sosial məsuliyyət layihələri çərçivəsində hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda idmanın, o cümlədən voleybolun təşviqi, infrastrukturun qurulması istiqamətində gördüyü işlərdən danışıb.

Sonra “Gəncə” VK-nın müşahidə şurasının sədri Müşfiq Cəfərov əyalət klubunun inkişafına göstərdiyi xüsusi dəstəyə görə səhmdar cəmiyyətinə təşəkkür edərək, komandanın fəaliyyəti və klubunun gələcək planları barədə ətraflı məlumat verib. “Gəncə” VK-nın prezidenti Elvar Osmanov yüksək liqa və kubokda yüksək nəticələrə yetişərək, ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək niyyətində olduqlarını diqqətə çatdırıb. Komandanın baş məşqçisi Sergey Çasnavitski isə heyətin daha gücləndirilməsi istiqamətində atılan addımlardan bəhs edib.

Zakir İbrahimov hədəflərə çatmaqda klub rəhbərliyi, məşqçilər heyəti və voleybolçulara müvəffəqiyyətlər, Gəncə-Daşkəsən regionunu yüksək liqada təmsil edən “Gəncə” klubuna parlaq qələbələr arzu edib. Sonda klubun prezidenti “Azerqold”un idarə heyətinin sədrinə xatirə hədiyyəsi təqdim edib.

Həmin kateqoriyadan