- Baxış sayı: 94
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 94
- Noyabr 19, 2024
- 0
Gənclər idman nazirliyinin qərəzli rəhbərliyi ətrafında müzakirə bu dəfə yeni təqvim ilinin ilk günlərindən başlayıb. Görüntü yaratmaqları, bütün günü şəkil çəkdirməkləri, ətrafını yaltaqlığa sövq etməkləri, uğursuz fəaliyyətləri bir yana, atdığı addımları, etdiyi hərəkətlərləri və naşı açıqlamaları ilə daim gündən olan Fərid Qayıbov – Mariana Vasileva – Elnur Məmmədov üçlüyü yenə gülüş və qınaq hədəfinə düşüb. Bu dəfə baş rolda bolqar məmur olub. Nazirliyin idman şöbəsinin əməkdaşlarının Mariana xanıma ünvanladıqları təbrik videosu sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Yarı rus, yarı türk (Azərbaycan) dillərində və müxtəlif məkanlarda səslənən sözlər süni və əks effekt yaradıb.
Deyilənə görə, onlar buna məcbur olublar. Guya ki, AGİN-də ancaq idman sahəsi işləyir, gənclər şöbəsi boşuna fəaliyyət göstərir və bu üzdən digər nazir müavinləri – İndira Hacıyeva ilə Fərhad Hacıyevi təbrik edən olmayıb. Çox qəribə mənzərədir və yanlış addımdır.
İdman ictimaiyyətini başqa sual da düşündürür: Niyə naziri yox, məhz onu? Axı statusda Fərid Qayıbov Mariana Vasilevadan yüksəkdir. Nə olsun əksər tədbirlərə cüt gedirlər. Əslinə qalanda, nazir müavindən artıq işləyir və yarışlarda daha çox iştirak edir. Amma…
İlham Namiq Kamalın oynadığı “Həmişə təmizlikdə” teletamaşında bir səhnə var: “Baxdım gördüm ki, inzibatçılar da çaşıblar. Molyerin qəhrəmanlarının əvəzinə, səhnədə Şeksprin “Otello” faciəsinin tipləri görsənir. Yanımdakından soruşdum ki, bu nə işdir? Axı “Skapenin kələkləri” olmalıdır. Mənə qayıtdı ki, Skapeni oynayan komik toyda tamadadır. İndi ona görə “Otello”nu göstərirlər. Dedim nə olar: komediya olmasın, faciə olsun. Başqasının halına ağlamaq da adamı yüngülləşdirir. Birdən baxdım gördüm ki, aktyorlar da çaşıblar. Otello ağ idi, süd kimi. Dezdemona qapqara mazut. Yanımdakına dedim ki, axı bütün Bakı bilir ki, Otello qaradır, Dezdemona ağ…”
İndi də, hamı bilir ki, Fərid Qayıbov nazir, Mariana Vasileva onun müavinidir. Belədə, əməkdaşlar niyə özünkü qala-qala, qeyri-azərbaycanlını təbrik etsin? Olmaya, iş saatı başlayanda Fərid Qayıbov öz kreslosunu və qələmini Mariana Vasilevaya verir? Bəlkə bilmədiyimiz şeylər var? Belə çıxır, nazirin hər hansı bir məsələni həll etməsi, lakin sabahsı günü onun dəyişdirilməsi barədə söylənilənlər boşuna deyil. Telekomediyada Otellonun ağ, Dezdemonanın qara, müsabiqədə cüdonun 1-ci, güləşin 3-cü federasiya olduğu kimi. Açıq görünür ki, nazirlikdə qruplaşmalar var və bolqar mütəxəssis vəzifəyə keçən ilk gündən yaranan söz-söhbət, şikayətlər və narazılıq bitmir. İdman camiyəsi heç vaxt bu duruma düşməyib.
Bizə gəlincə, öz növbəmizdə, sözü gedən yazının qəhrəmanı Mariana xanımı təbrik edirik. Azərbaycanlılar qonaqpərvər və kini olmayan xalqdır. Fərqi yoxdur, kim gerçək nazirdir. O və ya Fərid Qayıbov. Lap olsun Elnur Məmmədov. Əsas, qazanılacaq yüksək əyarlı medalların parıltısıdır ki, indi nadir hala çevrilib. Bu il olimpiya oyunları ərəfəsidir. Paris-2024-də qızıl medal nazirliyin mövqeyini gücləndirəcək. Əks halda, idmanın başına gətirilən oyunlardan dolayı yaşanacaq final həsrəti, bu idarəni sonda komitəyə çevirəcək və ölkə idmanı baş verən ağır zərbədən uzun müddət özünə gələ bilməyəcək.