GİN-də tarixi uğur qazanan yeniyetmə ağırlıqqaldıranlarla görüş

Gənclər və idman naziliyində ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağırlıqqaldıranların dünya birinciliyində tarixi uğur qazanan milli komanda ilə görüş olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə nazir müavini İsmayıl İsmayılov idmançıları təbrik edib. O, ölkədə idmana göstərilən dövlət qayğısından söhbət açıb və Azərbaycanın Bakı-2015 Avropa, Bakı-2017 İslam oyunları, Formula1 kimi nüfuzlu yarışlara ev sahibliyi etdiyini söyləyib. Dövlət rəsmisi komandaya yay olimpiya oyunlarında da uğur qazanmağı arzulayıb.

AAAF-nin baş katibi Rizvan Rəsulov da ölkədə idmana göstərilən dəstəkdən danışıb. O, ağırlıqaldıranlarınABŞ-da böyük uğura yetişdiyini deyib: “İdmançılarımız yarışa tam hazır getmişdilər. Nəticələri qənaətbəxş saymaq olar. Bu gənclər gələcəkdə əsas heyəti formalaşdıracaqlar. Ümid edirəm ki, nəticələrimizlə hamını sevindirməyə davam edəcəyik”.

Xatırladaq ki, 44 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda komandamızın 4 üzvü mükafatçılar sırasına düşüb. Ömər Cavadov (55 kq) və Rüstəm Qasımov (67 kq) birdən qaldırma hərəkətində bürünc medal əldə ediblər. Əli Şükürlü (102 kq) həm birdən, həm təkanla qaldırmada, həm də toplamda bürünc medalla sahib çıxıb. Rəhman Kazımov (+102 kq) isə təkanla qaldırma hərəkətində qızıl medal qazanıb. Milli komanda hesabında 5-ci olub.

Həmin kateqoriyadan