- Baxış sayı: 237
- 19 Mart 2026 23:59
- Baxış sayı: 104
- Mart 22, 2026
- 0

Azərbaycan güləş federasiyasının hakimlər kollegiyasının sədri Qərib Əliyev ötən ilin son günlərində öz işindən ayrılan kimi bu sahədə gərginlik yaranmağa başlayıb. Başqa sözlə, onun xələfi Asif Şirəliyev iş başına keçər-keçməz refelikdə boşluqlar və nöqsanlar nəzərə çarpıb. Öncə, ölkənin sayılıb-seçilən nüfuzlu ədalət qoruyuçusu Elman İsmayılov bu təyinata etiraz əlaməti olaraq yerli yarışları idarə etməkdən boyun qaçırıb. O, mümkün qalmaqaldan yayınmaq üçün bu addımı atdığını deyib. 1-ci dərəcəli referi keçmiş həmkarı Cəlal Bahadurovun başına gələndən dərs çıxarıb. 2023-cü ilin dekabrında böyüklər arasında ölkə çempionatında yunan-Roma güləşində 72 kq-da 3-cü yer tutan Rəvan Nuriyevə (“Təhsil” Qubadlı) tutaşmanın gedişində hər 3 referi 4 xal verdiyi halda, yarışın baş hakimi Asif Şirəliyev çox cək-çevirdən sonra fəndi heçə saymış və müqabil tərəfin xeyrinə 1 xal göstərmişdi. Bu zaman referi briqadasında yer alan, əslən Qubadlıdan olan Cəlal Bahadurov (həm də məşqçidir) bu haqsızlığa dözməyərək həmkarının üzərinə şığımışdı. Sonda böyük qalmaqal onun ömürlük bu sahədən uzaqlaşması ilə nəticələnmişdi. Hadisəyə qədər o, 3-cü dərəcəli beynəlxalq hakim idi.
Gəncə idman sarayında 3-13 fevralda yunan-Roma və sərbəst güləşçilərin U-20 Azərbaycan çempionatı, növbəti gün qızlar arasında U-15 və U-17 ölkə birinciliyi, 9-13 fevralda isə U-17 yunan-Roma və sərbəst güləş üzrə ölkənin ən güclülərinin yarışında da narazılıqlar olmuş, məşqçilər appelyasiya komisiyasına şifahi şikayət etmişdilər. AGF, belə miqyaslı yarışlarda müəyyən texniki və təşkilati məqamların mövcudluğunu istisna olmamasını bildirərək, federasiya olaraq bu məsələlərə konstruktiv yanaşaraq aşkarlanan çatışmazlıqları təhlil etdiyini, növbəti yarışların daha yüksək səviyyədə təşkili üçün müvafiq təkmilləşdirmə tədbirləri həyata keçirdiyini qeyd etmiş, ümumilikdə güləş yarışlarında qaydaların tətbiqi ilə bağlı müəyyən sual və etirazların yaranması idman praktikasında təbii hal hesab olunduğunu söyləmiş və belə situasiyalarda hakimlər kollegiyasının operativ, obyektiv və izahlı yanaşma sərgiləyərək məşqçilərlə maarifləndirici kommunikasiya qurduğunu Allsport.az-a açıqlamışdı.
Ötən həftə isə respublika dərəcəli hakim Əfqan Həbibov öz sosial hesabında qalmaqallı fikir səsləndirib və gənclər və idman nazirliyi tərəfindən yaradılan idman.biz saytında Asif Şirəliyevi səriştəsizlikdə və onu əsassız şəkildə yarışlardan kənarlaşdırmaqda ittiham edib. Bildirib ki, may ayında beynəlxalq hakim kateqoriyası almağı planlaşdırsa da, yanvar ayından etibarən ölkə çempionatı və digər turnirlərə hakimlik etməsinə icazə verilmir. Onun sözünə görə, bu qərarın arxasında AGF-in hakimlər kollegiyasının sədri dayanır və məsələ ilə bağlı rəsmi izahat vermir. Həmkarlarımızın sorğusuna Asif Şirəliyev tam fərqli münasibət bildirib: “Əfqan Həbibovun “Səfəvi” adlı klubu var və o, onlarla uşağa məşq keçir. Məşqçi hakim ola bilməz. Əgər bir məşqçi potensial rəqiblərin görüşünü idarə edirsə, obyektivlikdən danışmaq çətindir. O, şagirdinə zəif rəqib düşməsi üçün hər şeyi edə bilər. Bu səbəbdən federasiya rəhbərliyinin razılığı ilə belə halların qarşısını almışıq. Yeni qaydalar bütün hakimlərə şamil olunur: artıq seçim etməlidirlər – ya məşqçi, ya da hakim. Xüsusilə, uşaq və yeniyetmə yarışlarında belə hallara yol verilməyəcək. Bu proses əvvəlcə regional və respublika səviyyəli hakimlərdən başlayıb, gələcəkdə beynəlxalq kateqoriyalı hakimlərə də şamil ediləcək”.
Bilməyənlərin diqqətinə çatdıraq ki, AGF-də hakimlər kollegiyası şərti mövcuddur, bütün qərarları sədr verir. Yəni, konkret kollegiya üzvləri yoxdur. Digər tərəfdən, Asif Şirəliyevin bu açıqlaması müəyyən söz-söhbətə, narahatçılığa yol açıb. Çünki güləş hakimlərinin böyük qismi çalışdırıcıdır və onların əsas gəlir yeri bu istiqamətdəndir. Düzdür, dövlət xətti ilə işləyənlər də var, amma onlar da orada məşqçi-müəllimdirlər. Sədrin istəyində həqiqət var. Hərçənd bu, islahata və zamana bağlıdır. Öz adı Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində gedir. Lakin əksər referilər onun kimi dövlətdən müftə pul almır. Yaxın gələcəkdə məşqçi olmayanlar hakim olacaqsa, onlar futboldakı kimi günlük yüksək ödənişlə təmin olunmalıdırlar. Yoxsa, sovetlərdən böyük ənənəsi olan Azərbaycan güləş hakimliyi məktəbi məhv ediləcək. Üstəlik, hazırda AGF-in nizamnaməsində nə belə bir bənd var, nə nazirlər kabinetində, nə də gənclər və idman nazirliyinin qanunlarında. . O, təzə baş katib Pərvin Piriyevin kadrı deyil. Asif Şirəliyevin müqaviləsi bu ilin sonunda bitir.
Yayılan xəbərə görə, Əfqan Həbibov ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib. Qarşı tərəf məsələnin həll araşdırılıb olunması üçün müvafiq tapşırıq verir. Həm Əfqan Həbibov, həm də Pərvin Piriyev müharibə iştirakçısıdır – Böyük Vətən savaşında ön cəbhədə yer alıblar. Təzə baş katibi güləş ictimaiyyətində AGF-in 2 vitse-prezidenti dəstəkləyir; idman aləmində MOK istiqamət verir – gənclər və idman nazirliyi ilə də işgüzar əlaqə qurub. Gərginliyin böyüməməsi və qısqanclıq yaranmasın deyə, tam təfərrüatı açıqlamırıq.
10 ildən çoxdur respublika səviyyəsində hakim olan, hec cür beynəlxalq dərəcə almasına şərait yaradılmayan Çinarə Çəfərovanın da səbr kasası dolmuşdu. Onu aidiyyatı qurumlara şikayətindən son anda baş karibin ümidverici addımları çəkindirib. Hazırda ağırlıqqaldırma ilə məşğul olur, artıq çəkidən xilas olmağa çalışır. Hər şey qaydasına düşərsə, ona da qapının açılmasına söz verilib. Federasiyada ümumi durumu nizamlamağa çalışan Pərvin Piriyev hələ ki iş başında qalan əməkdaşlara özünü doğrultmaq üçün fürsət verməklə yanaşı, öz adamlarını da asta-asta müxtəlif şöbələrə yerləşdirir. AGF-də müxtəlif güclü dəstələrin olmasına rəğmən, o, tarazlıq siyasətini uğurla həyata keçirir; uzun illər güləşdən sıxışdırılıb kənarlaşdırılan nüfuzlu simalara əl uzatmaqla, onlar vasitəsi ilə müəyyən gedişlər etməyə, daxildə rəqabətli mühit yaratmağa çalışır…