- Baxış sayı: 21
- 18 Yanvar 2026 10:32
- Baxış sayı: 52
- Yanvar 20, 2026
- 0

Bir il bundan öncə Azərbaycan üzgüçülük federasiyasının prezidenti seçilmiş Zaur Əliyev qurumun rəsmi saytına müsahibə verib. Allsport.az saytı xəbər verir ki, o, geridə qalan 2025-ci ilin yekunlarından və cari mövsümdə hədəflərdən danışıb.
– Ötən il Azərbaycan üzgüçülük federasiyası üçün nələrlə yadda qaldı?
– Öncə federasiyanın strategiyası hazırlandı, struktur baxımından yenilənmə proseslərinə başladıq, inzibati ofis icarələnib təmir olundu. Planlı şəkildə inkişaf etmək, ədaləti və şəffaflığı qorumaq üçün bir sıra məsələlər üzrə rəsmi proqramların, qaydaların və əsasnamələrinin yazılmasına start verdik. Aidiyyəti yerli və beynəlxalq idman qurumları ilə əlaqələri genişləndirdik – çalışırıq ki, əməkdaşlığımız maksimal dərəcədə sıx və məhsuldar olsun.
Həmçinin ilk işlər çərçivəsində üzgüçülük üzrə milli komandaya yeni məşqçilər, məsləhətçi həkim, nutrisioloq, masajçılar və psixoloqlar cəlb edildi, idmançılar zəruri tibbi vəsaitlərlə, müasir və keyfiyyətli idman forması ilə təmin olundular. Təlim-məşq toplanışları, yerli və xarici yarışlarda iştirak da öz yerində.
– Keçirilmiş və yaxud milli komandalarımızın iştirak etdiyi hansı yarışları xüsusilə vurğulayardınız?
– Turnirlər çox oldu, amma bəzilərinin yeri başqadır. Əvvəlcə Azərbaycan çempionatını qeyd edərdim, çünki bu, ölkə birinciliyidir və biz ona xüsusi həssaslıqla yanaşırıq. Çalışdıq çempionatı beynəlxalq yarışlar səviyyəsində təşkil edək. Bakı su idmanı sarayına təşrif buyurmuş çoxsaylı tamaşaçılar şou-proqramla yanaşı, maraqlı idman mübarizəsinə də şahidlik etdilər.
Həmçinin mütləq “Gəncə Cup” turnirini vurğulamalıyam. Bu yarış paytaxtdan kənarda, MDB oyunlarına hazırlıq məqsədilə Gəncə şəhərində, yeni gözəl idman arenasında təşkil edildi. Həmin mötəbər idman tədbirindən öncə bu turnir həm milli komanda üçün yaxşı hazırlıq, həm də MDB Oyunlarının təşkilatı baxımından hamımız üçün keyfiyyətli bir sınaq oldu.
Gənclər və idman nazirliyinin dəstəyi ilə “Üzgüçülük hamı üçün”, habelə dövlət qurumları arasında üzgüçülük yarışlarının keçirilməsini də vurğulaya bilərəm. Açıq suda “Dalğadan güclü”, suya tullanma üzrə isə “Gələcəyə doğru” və “Hədəfə doğru” yarışları keçirildi. Bu növ üzrə ilk dəfə yeniyetmələrdən ibarət milli komanda formalaşdırıldı, hətta Bolqarıstanda beynəlxalq yarışda iştirak etdi və medallar qazandı.
Üzgüçülərimiz isə Latviya, Çex Respublikası, Belarus, Şimali Makedoniya, Serbiya, Almaniya, Slovakiya, Polşa, Sinqapur və Səudiyyə Ərəbistanı kimi ölkələrdə keçirilmiş yarışlarda çıxış etdilər, onların da bir sıra uğurları oldu. Sadaladıqlarım arasında Avropa və dünya çempionatları kimi nüfuzlu turnirlər də var.
– Sizcə nəticələrin yaxşılaşdırılması nədən başlanır? Bu yöndə federasiya hansı işləri həyata keçirir?
– Bəzən idmanda sürprizlər qeydə alınsa da, adətən nəticə ümumi inkişafın məntiqi davamıdır. İnkişaf etmək üçün əvvəlcə harada olduğumuzu və hansı müddətdən sonra harada olmaq istədiyimizi, bunun mümkün olub-olmadığını və hansı resurs tələb etdiyini öyrənməliyik. Bunun üçün biz qeyd etdiyim strategiyanı hazırladıq. Əslində o, elə də böyük bir sənəd deyil, amma bir yol xəritəsidir ki, biz də işlərimizi ona əsasən qururuq.
– Yeri gəlmişkən, əcnəbi mütəxəssislərin cəlb edilməsi haqqında fikirlərinizi bilmək istərdik.
– Hər hansı bir çatışmamazlığın və çətinliyin həlli, onu etiraf etməkdən başlanır. Ardınca səbəblər araşdırılır və dərk edilir. Daha sonra isə həll yolları axtarılır, sonda isə bu istiqamətdə addımlar atılır. Ona görə federasiyanın nəzdində olan idman növlərinin, milli komandaların inkişaf etdirilməsi məqsədi ilə ölkəmizə bu aləmdə sayılıb-seçilən yüksək səviyyəli xarici məşqçilər, mütəxəssislər dəvət etdik. İdman direktoru vəzifəsinə kanadalı Pyer Ləfonten gətirildi. Onun, deyərdim ki, ümumiyyətlə təqdimata ehtiyacı yoxdur. Həmçinin 15 ildən artıq təcrübəyə malik mütəxəssis, İsveçrə, ABŞ, İsrail, Rumıniya, Çexiya, Filippin və Avstraliyada çalışmış, Avropa və dünya çempionatlarında yetirmələri müvəffəqiyyətlər qazanmış isveçrəli Luka Qabrilo üzgüçülük üzrə millimizin baş məşqçisi təyin edildi. Bədii üzgüçülük üzrə Ukrayna milli komandasının keçmiş üzvü, əməkdar idman ustası və məşqçisi Oksana Pismenna ilə əməkdaşlığa başlanıldı, su polosu xorvatiyalı Qoran Sabliçə həvalə olundu, suya tullanma növü üzrə isə rusiyalı Anton Melnikovla uğurlu əməkdaşlıq davam etdirildi.
– Azərbaycanda su idman növləri üzrə bu il keçiriləcək ən mötəbər yarışa toxunaq. Bakıda ilk dəfə üzgüçülük üzrə dünya kuboku olacaq.
– Möhtərəm prezident cənab İlham Əliyevin diqqəti və qayğısı nəticəsində bu gün Azərbaycan bir idman ölkəsidir. Ötən illər ərzində bir sıra nüfuzlu siyasi və mədəni tədbirlərlə yanaşı, dövlətimiz dəfələrlə beynəlxalq turnirlərə uğurla ev sahibliyi edərək, yüksək təşkilatçılıq və qonaqpərvərlik qabiliyyətini hamıya nümayiş etdirmişdir. Bütün bunların məntiqi davamı olaraq Bakı 2026-cı il üçün dünya idman paytaxtı seçilmişdir.
“Silk Road Tour”un Bakı mərhələsi 1-3 oktyabr tarixlərində Su idmanı sarayında keçiriləcək. Sözügedən turnir hər zaman aparıcı üzgüçülərin iştirak etdiyi, beynəlxalq reytinq xallarının toplandığı nüfuzlu dünya kubokunun bir hissəsi olacaq. Çalışacağıq ki, bu turniri dünyanın idman paytaxtı olan Bakımızda ən yüksək səviyyədə təşkil edək, həm də ümumiyyətlə 2026-cı il su idman növləri üçün ötən ildən daha da uğurlu olsun.