- Baxış sayı: 47
- 14 Dekabr 2024 23:28
- Baxış sayı: 62
- Dekabr 17, 2024
- 0
Bəhreynin paytaxtı Manamada keçirilmiş dünya çempionatında gümüş medal qazanmış atletimiz Dadaş Dadaşbəyli vətənə qayıdıb.
Allsport.az xəbər verir ki, idmançımızla yanaşı federasiyanın vitse-prezidenti Firdovsi Umudov, yığma komandanın baş məşqçisi Mehdi Makkaev və böyük məşqçi Asif Məmmədov hava limanında böyük coşqu ilə qarşılanıblar. Qaşılanma mərasimində ağırlıqqaldırma ictimaiyyətinin üzvləri, Dadaş Dadaşbəylinin şəxsi məşqçisi Şəmsi Səfərli, Qobustan rayonundan gəlmiş azarkeş qrupu, gənc idmançılar və media nümayəndələri iştirak ediblər.
Qarşılanmadan sonra federasiya nümayəndələri jurnalistlərə açıqlama veriblər.
Dadaş Dadaşbəyli: “10 ildir ki, ağırlıqqaldırma ilə məşğulam. Bu, karyeramda ən ağır yarış idi. Nailiyyət əldə etdiyim üçün hədsiz sevincliyəm. İnanın, hisslərimi sözlə ifadə edə bilmirəm. Uğura aparan yolda mənə dəstək göstərən ağırlıqqaldırma federasiyasının prezidenti Kamran Nəbizadəyə, həmçinin daxili işlər nazirliyinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Bu nailiyyəti tək mənim adıma yazmaq olmaz. Burada federasiya rəhbərliyinin və məşqçilərin zəhməti böyükdür. Təbii ki, dayanmaq fikrində deyiləm. Çalışıram ki, hər zaman Azərbaycan bayrağını zirvələrə qaldırım. Növbəti məqsədim bu gümüşü qızıla çevirməkdir”.
Firdovsi Umudov: “Bu, Azərbaycan idmanı üçün böyük uğurdur, yaxşı nəticədir. 2001-ci ildən bu tərəfə gümüş medal olmamışdı. İnanıram ki, ağırlıqqaldırma ilə məşğul olan məşqçilərimiz bundan sonra daha həvəslə çalışacaq. Dadaş Dadaşbəylinin şəxsi məşqçisi Şəmsi müəllimə təşəkkürümü bildirirəm ki, bu cür idmançıların yetişməsində bu gün də əlindən gələni əsirgəmir. Bildiyimiz kimi, Dadaş ağır əməliyyatdan çıxmışdı, 2 ay məşqlərdən də uzaq qalmışdı. Onun iki ay ərzində bərpa prosesi keçib belə uğur qazanması, xarakter göstərməsi bizi sevindirir. Qarşıda bizi Avropa çempionatı və digər böyük yarışlar gözləyir. Hədəf olimpiya oyunlarıdır. Federasiya kollektivi olaraq işimizi düzgün qurmuşuq. Hədəflərimiz böyükdür. Xatırladım ki, biz körpücükdən kənarda da uğur qazandıq. Manamada keçirilən konqresdə tarixi qərar verildi. Dünyada yaradılacaq 5 ağırlıqqaldırma akademiyasından biri Azərbaycanda olacaq. Məşqçilərimiz, hakimlərimiz bu akademiyadan yararlanacaqlar. Cənab prezident İlham Əliyev tərəfindən biz idmançılara böyük diqqət və qayğı göstərilir. Akademiyanın Azərbaycanda olması da bunun bariz nümunəsi idi.”
Mehdi Makkaev: Federasiya rəhbərliyi uğur qazanmağımız üçün hər şeyi etdi. Hazırlığımız yüksək səviyyədə təşkil olunmuşdu. Ölkəmizi dünya çempionatında iki idmançı təmsil etdi. İsa Rüstəmovun çıxışından razı qaldım. Onun nəticələrində artım var. Fikrimcə gələn yarışlarda o daha yaxşı çıxış edəcək. Dadaşa gəldikdə isə, o əsl döyüşçü xarakteri göstərdi. Toparlandı və layiqli nəticə əldə etdi. Biz ondan uğurlarının davamını gözləyirik.”
Asif Məmmədov: “Bildiyiniz kimi Dadaş Dadaşbəyli bu il Avropa çempionluğunu da qazanmışdı. Bu yarışdan sonra zədə səbəbindən əməliyyat olunmuşdu. Qısa vaxtda bərpa olunmaq çox çətin idi. Dünya çempionatına hazırlıq üçün vaxtımız çox deyildi. Federasiya rəhbərliyinin qayğısı sayəsində bunu bacardıq.”