- Baxış sayı: 27
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 25
- Noyabr 26, 2024
- 0
Allsport.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında icraiyyə komitəsinin növbəti iclası keçirilib. Toplantıda Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi tərəfindən Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya və İsveç milli komandalarına qarşı keçirilmiş oyunlarla bağlı ətraflı hesabat təqdim olunub.
Hesabat dinlənildikdən sonra icraiyyə komitəsinin üzvləri tərəfindən uğursuz nəticələrlə əlaqədar baş məşqçiyə iradlar səsləndirilib, hər iki oyunun ciddi təhlil olunmasının, yol verilmiş səhvlərin gələcək oyunlarda təkrarlanmamasının vacibliyi bildirilib.
Eyni zamanda, qeyd olunub ki, milli komandanın heyətinə cəlb olunan futbolçuların millinin oyunlarına daha da məsuliyyətlə yanaşması, qarşılaşmalara hazırlıq və oyunlar zamanı vətənpərvərlik hisslərinin yüksək olması və klubların da bu prosesdə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi vacibdir.
İcraiyyə komitəsinin üzvü, Azərbaycan futzal federasiyasının prezidenti Zaur Axundov rəhbərlik etdiyi federasiyanın fəaliyyəti barədə qısa məlumat verib, futzal üzrə milli komandanın heyətinin komplektləşdirilməsi və ölkə çempionatı ilə əlaqədar təkliflər səsləndirib.
İclasın sonunda klublar komitəsi tərəfindən icraiyyə komitəsinə ünvanlanmış təkliflər barədə məlumat verilib. Müvafiq təkliflərə yaxın günlərdə münasibət bildiriləcəyi qeyd olunub.