İdman akademiyasının tələbələri ilə maarifləndirici görüş

Azərbaycan idman akademiyasında maarifləndirici görüş keçirilib.

Allsport.az xəbər verir ki, oktyabrın 3-də Azərbaycan idman akademiyasında tələbə və könüllülərlə iş şöbəsi və tələbə gənclər təşkilatının təşkilatçılığı ilə elm və təhsil nazirliyinin nəzdində olan təhsil tələbə krediti fondunun (TTKF) işəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin aparıcı mütəxəssisi Kənan İsayevin iştirakı ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən Kənan İsayev TTKF-in prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı fərmanla yaradıldığını qeyd edib. O, iştirakçılara fondun fəaliyyət istiqamətləri, müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları, sosial və standart kredit haqqında geniş məlumat verib.

İsayev, sosial təhsil tələbə kreditlərinin yalnız sosial həssas təbəqədən olan tələbələr üçün nəzərdə tutulduğunu vurğulayıb. Digər tələbələrin isə təhsilin ilk ilinin birinci semestrindən etibarən standart kreditlərdən yararlana biləcəyi qeyd olunub.

Görüş zamanı fondun əsas məqsədinin təhsilin hər kəs üçün, xüsusilə də aztəminatlı ailələrdən olan tələbələr üçün əlçatanlığını təmin etmək olduğu bildirilib.

Sonda tələbələrə layihələr və yaradılan imkanlar haqqında ətraflı məlumat verilib və sualları cavablandırılıb.

Həmin kateqoriyadan