İdman nazirliyi daha 3 federasiyanın statusunu dayandırdı

İyunun 29-da gənclər və idman nazirliyinin növbəti kollegiyası olub. Allsport.az saytı xəbər verir ki, iclasın gündəliyinə əsasən, ilin II yarımili üçün perspektiv iş planı təsdiqlənib. Bundan başqa, bir sıra tədbirlərin təqdimatı müzakirə edilib və müvafiq qərarlar qəbul olunub, ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib.

Kollegiyanın qərarına əsasən, “Azərbaycan Sambo Federasiyası” İB, “Azərbaycan Savat Federasiyası” İB, “Azərbaycan Taekvondo Federasiyası” İB, “Azərbaycan Avtomobil Federasiyası İB, “Azərbaycan Kapoeyra Federasiyası” İB, “Azərbaycan Yelkən Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib. Bundan başqa, “Həvəskar Universal Döyüş Federasiyası” İB, “Qarabağ-Əlil Döyüşçülər Futbol Federasiyası” İB, “Azərbaycan Peşəkar Boks Federasiyası” İB-nin federasiya statusu dayandırılıb.

Xatırladaq ki, bir-neçə aydır nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 26-ya çatıb. Ümumilikdə, 25 federasiyanın isə statusu dayandırılıb. Proses davam edir.

Həmin kateqoriyadan