İdmançılar komissiyasının mətbuat konfransı keçirilib

Milli olimpiya komitəsinin idmançılar komissiyasının mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantını qurumun sədri, cüdoçu Rüstəm Orucov və Xorvatiyanın Dubrovnik şəhərində Avropa İdmançılar 6-cı assambleyasına qatılan komissiyanın 2 üzvü – Fəridə Əzizova (taekvondo) və Nazim Babayevin (atletika) iştirakı ilə baş tutub.

Rüstəm Orucov tədbirdə çıxış edərək Komissiyanın idmançıların problemlərini həll etmək üçün yaradıldığını bildirib. O, hazırda idmanla məşğul olan, eyni zamanda, karyeralarını bitirmiş idmançıların problemlərini həll etmək üçün belə bir komissiyanın təşkilinə ehtiyac yarandığını vurğulayaraq deyib:

“İdmançıların problemlərini aradan qaldırmaq üçün belə bir qurumun yaradılmasına ehtiyac var idi. Düşünürəm ki, biz əlaqəli şəkildə işləyərək idmançıların problemlərinin həllinə kömək göstərə bilərik. Eyni zamanda, karyeralarını bitirmiş idmançıların da hansı çətinliklərlə qarşılaşdıqlarını bilmək istərdik”.

Nazim Babayev Dubrovnik şəhərində keçirilən seçkilərdə iştirakından danışaraq qeyd edib ki, Assambleyada Azərbaycanı təmsil etməkdən qürur duyduğunu bildirib: “Bu Assambleyada seçkilərlə bağlı müzakirələr aparıldı. Avropa Atletlər Komissiyasına yay və qış idman növləri üzrə namizədlərin seçkisində ölkəmizi təmsil etdiyimizə görə qürur duyuruq. Düşünürük ki, Avropa Atletlər Komissiyasının növbəti toplantılarında Azərbaycan idmançıları ilə bağlı müəyyən problemləri qaldıracağıq”.

MOK-un İdmançılar komissiyasının üzvü qurumun fəaliyyəti ilə bağlı qeyd edib ki, hazırda idmançılar pandemiya ilə əlaqədar müəyyən problemlərlə üzləşirlər. Komissiyanın yaranmasının əsas səbəbi bu və ya digər problemləri aradan qaldırmaqdır.

Komissiyanın digər üzvü taekvondoçu Fəridə Əzizova Xorvatiyanın Dubrovmik şəhərində keçirilən seçkidə Tokio Olimpiadasının yekunları ilə bağlı müzakirələrin aparıldığını bildirib.

MOK-un İdmançılar komissiyasının gələcək fəaliyyətinə toxunan idmançı komissiyada gender bərabərliyinin qorunduğunu da qeyd edib: “Komissiyada gender bərabərliyi qorunub. Belə ki, üzvlərin dördü kişi, dördü isə qadındır. Komissiyanın fəaliyyəti ilə bağlı bir sıra planlarımız var. Gələcəkdə treninqlərin keçirilməsi də nəzərdə tutulub”.

Həmin kateqoriyadan