- Baxış sayı: 120
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Başa vurduğumuz aylar bir-birini günbəgün artan uğurlarla əvəzləyir. Aprel ayı kütləvilik, idman uğurları və infrastrukturun möhkəmlənməsi baxımından xüsusilə fərqləndi”.
Allsport.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov aprel ayını dəyərləndirərkən deyib.
O, “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, ölkəmizin ikinci ən böyük şəhəri olan Gəncə şəhərinin infrastrukturu üçün iki mühüm hadisə baş verib: “Əvvəlcə dövlətimizin başçısı cənab İlham Əliyev Gəncə idman sarayının açılışını etdi, burada müxtəlif idman növləri üçün ən yüksək səviyyədə yaradılmış şəraitlə tanış oldu. Qafqazın və regionun ən böyük idman mərkəzi olan bu idman sarayında idmançıların təlim-məşq, yarış və istirahəti üçün hər bir imkan var. Inanaram ki, bu sarayda gələcəyin çempionları yetişəcək, çox sayda yerli və beynəlxalq yarışlar keçiriləcək. Qeyd edim ki, gələn il ölkəmizdə keçiriləcək III MDB oyunlarının bir çox yarışları məhz burada təşkil ediləcək. Bundan başqa, ölkə başçısı Gəncə şəhər stadionunun da təməlini qoydu”.
Nazir Bakının beynəlxalq yarışlara ev sahibliyi etməsinin artıq ənənə halını aldığını da vurğulayıb: “Bakıda 41 ölkədən 116 gimnastın mübarizə apardığı bədii gimnastika üzrə Dünya kuboku bu dəfə də yüksək səviyyədə təşkil olundu. Milli gimnastika arenasında təşkil olunan tədbirdə federasiyanın yeni talismanları – zərif ceyran və cəsur tülkü ictimaiyyətə təqdim edildi. Daha bir beynəlxalq yarış – güləş üzrə olimpiya təsnifat turniri də MGA-da yüksək səviyyədə təşkil olundu. Avropa olimpiya təsnifat turnirində 5 sərbəst güləşçimiz – Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvili (125 kq) Fransa paytaxtına yollanmaq hüququ qazandılar. Tarixdə ilk dəfə oyun idman növlərində də olimpiadada təmsil olunacağıq. Bu sevinci bizə Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol milli komandası Honkonqda təşkil olunan lisenziya xarakterli turnirin qalibi olmaqla yaşatdı. Paris Yay olimpiya Oyunlarına daha bir lisenziyanı akademik avarçəkmə idman növündə əldə etdik. İdmançımız Diana Dımçenko yarışda ikinci yeri tutmaqla olimpiadaya lisenziyanı təmin etdi. Sonuncu dəfə Azərbaycan avarçəkmə idman növündə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş yay olimpiya oyunlarında təmsil olunmuşdu. Bununla da may ayının ilk gününə idmançılarımız lisenziyaların sayını 18-ə çatdırdılar. Qazanılan yeni lisenziyalar münasibətilə kanoe və avarçəkmə, basketbol və güləş federasiyalarını təbrik edirəm. Qarşıdakı iki ay ərzində qazanılacaq lisenziyaların sayının daha çox olacağına inanırıq”.
Qayıbov aprelin çoxlu ilklər və yeni rekordlarla yadda qaldığnı da qeyd edib: “Cüdoçumuz Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu tituluna yiyələnməklə Azərbaycan cüdosunda yeni rekorda nail oldu. Daha bir cüdoçumuz Elcan Hacıyev 90 kq çəki dərəcəsində ilk dəfə ölkəmizə qitə çempionatının qızıl medalını qazandırdı. Şahmatçımız Ülviyyə Fətəliyevanın Avropa çempionluğu da ilklərdən biri oldu. Bu uğuru ilə Ülviyyə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan şahmatçısı kimi tarixə düşdü. Tamblinq və batutçularımız Avropa çempionatında uğurlu çıxışları ilə ilklərə də nail oldular. Tamblinq yığmamız Avropa çempionu titulunu qazandı. İdman gimnastikası tarixində ilk dəfə Avropa çempionatında medalımız qazanıldı. Bu uğuru halqalarla hərəkətdə Nikita Simonov (gümüş) əldə etdi. Yeniyetmələrin və qızların batutda sinxron hərəkətlərində də komandamız uğurla çıxış etdi və batutçu qızların qazandığı ölkəmiz üçün ilk Avropa medalı oldu. Tamblinq yığmamız da komanda hesabında Avropa çempionatında ilk qızıl medalımızı qazandı”.
Nazir ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüş ənənənin davam etdiyini də deyib: “Budəfəki görüşdə də idmançıları dinləyib onların uğurlarına birlikdə nəzərə saldıq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının növbəti hesabat-seçkisində Azərbaycan dövlət neft şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf qurumun yeni rəhbəri, Azərbaycan cüdo federasiyasının ümumi yığıncağında isə Rəşad Rəsullu federasiyanın yeni icraçı vitse-prezidenti seçildilər. Hər iki federasiyaya bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıram”.
Qayıbov Bakının 2026-cı ildə dünyanın “İdman paytaxtı” tituluna iddialı olduğunu da açıqlayıb: “Artıq şəhərimizin namizədliyi irəli sürülüb və ötən ay dünya idman paytaxtı mükafatı üzrə qiymətləndirmə komissiyasının (ACES) nümayəndələri Bakıda səfərdə oldular. Onlar bir sıra idman qurğularının fəaliyyəti ilə maraqlanıb, təqdimatda iştirak etdilər. Komissiyanın nümayəndələri ilə görüşüm oldu. Onlarla ölkəmizdə idman sahəsində görülən işlərdən, qazanılan uğurlardan danışdıq, Bakının idman potensialını müzakirə etdik”.
O bildirib ki, qarşıda yığmamızı Parisə aparan məsul və məhsuldar iki ay gözləyir: “Azərbaycan idmançılarının ilin ilk 4 ayında qazandığı ardıcıl uğurlar sabaha daha optimist baxmağa sövq edir. İnanıram ki, idmançılarımız olimpiya ilini qələbələrlə davam etdirəcək və bayrağımızı zirvədə saxlayacaqlar”.