İlham Əliyev Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin xüsusi medalı ilə mükafatlandırılıb

Bu gün Avropa Ədalətli Oyunlar Hərəkatının və Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin birgə konqresi öz işinə başlayıb. Allsport.az saytı xəbər verir ki, qonaqları salamlayan gənclər və idman naziri Azad Rəhimov, toplnatının və Avropa Ədalətli Oyunlar Hərəkatının 21-ci Assambleyasının təşkilinin ölkəmizə həvalə edilməsinə görə təşəkkürünü bildirib.

O qeyd edib ki, Azərbaycan artıq neçə illərdir istər idman uğurları ilə, istərsə də mötəbər beynəlxalq yarışların və tədbirlərin təşkilində dünya idmanında özünəməxsus yer tutur. Bu mənada 2015-ci il təkcə Azərbaycanın deyil, həm də Avropanın, ümumiyyətlə dünyanın idman tarixi üçün əlamətdar oldu. Bəşəriyyətə Olimpiya Oyunları kimi bir ideyanı bəxş etmiş qitənin özünün ilk çoxnövlü kütləvi idman təntənəsinə məhz Azərbaycan, onun paytaxtı ev sahibliyi etdi. On yeddi yarış günü ərzində Avropanın bütün ölkələrini təmsil edən 6 minə yaxın idmançı 253 dəst medal uğrunda Bakıda yarışdılar. Əlli dövlətdən 42-sinin nümayəndəsi fəxri kürsüdə yer aldı. Otuz bir ölkəyə qızıl medal aparıldı. Çox sevinirik ki, qalib və mükafatçılar arasında Avropanın əksər ölkələri yer aldılar.

Azad Rəhimov bildirib ki, iyunun 12-də açılış və iyunun 28-də bağlanış mərasimləri, eləcə də yarışlar dünyanın ən böyük idman bayramı olan Olimpiya Oyunları ənənəsinə və prinsiplərinə uyğun keçirildi. Azərbaycanın adı dünya miqyasında nüfuz qazanan böyük bir layihənin vətəni kimi tarixə yazıldı.

Yarışlar zamanı ədalət prinsiplərinə əməl edilməsini, bu prinsiplərin qorunmasına diqqət yetirilməsini xüsusi vurğulayan nazir ədalətli oyunların Olimpizmin əsas təməl prinsipi, onun ideya daşıyıcısı olduğunu diqqətə çatdırdı. Nazir dedi: “Bir nümunəni qeyd etmək istərdim. Gimnastika yarışları zamanı Azərbaycan könüllüsünün rəqib ölkə idmançısının hündürlükdən yıxıldığını görüb özünü təhlükəyə ataraq, onu zədələnməkdən xilas etməsi “Bakı-2015”in necə səmimi şəraitdə keçdiyinin göstəricisidir”.

Konqresin əhəmiyyətini yüksək qiymətləndirən Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Kristian Hinterberqer tədbirin maarifləndirmə sahəsindəki rolundan danışıb. O vurğulayıb ki, Ədalətli Oyunlar Hərəkatı sosial dialoqun və anlaşmanın vəhdətini təşkil edir. Bu, idmanın ayrılmaz bir parçasıdır. Hər bir irimiqyaslı yarış başa çatdıqdan sonra qələbələr və Ədalətli Oyunlar Hərəkatı hər zaman diqqət mərkəzində olur və müzakirə mövzusuna çevrilir. “Bakı-2015” ilk Avropa Oyunları da ədalətli oyunlar prinsipinə əsaslanaraq təşkil olundu və yarışlardan bir çox məqamlar tamaşaçıların yaddaşında xoş izlər buraxdı.

Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin rəhbəri Yeno Kamuti Azərbaycan idmançılarının qazandığı nailiyyətləri və ölkədə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. O qeyd edib ki, cari ilin iyununda Azərbaycan qitənin ən böyük idman tədbirinə yüksək səviyyədə ev sahibliyi etdi və “Bakı-2015” ədalətli oyunlar prinsipinə əsasən təşkil olundu.

Yeno Kamuti bildirib ki, Azərbaycanda idmanın inkişafına və Ədalətli Oyunlar Hərəkatını dəstəklədiyinə görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin xüsusi medalı ilə mükafatlandırılıb.

Mükafat gənclər və idman naziri Azad Rəhimova təqdim olundu. Sonra Azərbaycanda və dünyada Ədalətli Oyunlar Hərəkatından bəhs edən videoçarx nümayiş etdirildi. Konqres işini müzakirələrlə davam etdirir.

Həmin kateqoriyadan